"Azərbaycanda iş yerləri ilə bağlı problemlərin önəmli hissəsi iqtisadiyyatın mövcud strukturundan irəli gəlir. İqtisadiyyatda əməktutumlu olmayan neft-qaz sektorunun hələ də yüksək paya malik olması, rəqabətli olmayan qeyri-neft-qaz sektorunun mövcudluğu məşğulluq imkanlarının məhdudluğunu və mövcud iş yerlərinin dayanıqlılığının aşağı olmasını doğurur".
Bunu Faktmedia.az-a açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə deyib.
Onun sözlərinə görə, yüksək məhsuldarlığa əsaslanan rəqabətli sənaye və xidmət sahələri formalaşmadan Azərbaycan iqtisadiyyatında geniş məşğulluq imkanlarından və yaxşı iş yerlərindən danışmaq çətin olacaqdır:
"Buna nail olmaq üçün ixrac yönümlü, beynəlxalq dəyər zəncirlərinə yaxşı inteqrasiya olunmuş və kifayət qədər çeşitlənmiş bir iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atılmalı, bu istiqamətdə əldə olunan uğurlu nəticələr daha da inkişaf etdirilməlidir. Hazırda Azərbaycanda daha çox işçiyə ehtiyac duyan sahələrdən danışmaq çətindir. Ancaq getdikcə yüksək ixtisaslı sahələrdə kadr çatışmazlığının müşahidə edildiyini qeyd etmək mümkündür. Bu da ölkənin təhsil sistemi qarşısında önəmli bir çağırış kimi dayanmaqda davam edir".
Havar Şəfiyeva