"Ümumiyyətlə ölkədə bütövlükdə iqtisadiyyatının çox geniş şəkildə islahatlara ehtiyacı var. Bu islahatlar nə qədər ki, aparılmır iqtisadi yüksəlişi gözləmək absurddur. Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri inhisarlar altındadır".
Bunu Faktmedia.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert əlavə edib ki, bir tərəfdən dövlət inhisarları, digər tərəfdən isə oliqarxların yaratdığı inhisarlardır:
"Bu inhisarlar aradan qaldırılmalıdır ki, ölkədə rəqabətli mühit yaradılsın. Rəqabətli mühit isə inkişafın əsas amillərindən biridir. Azərbaycanda son 30-40 ildə qiymətin ucuzlaşdığını, nə də keyfiyyətin yüksəldiyini müşahidə eləməmişik. Bu iki məsələnin həlli ölkədə qiymətin bahalaşma ilə yanaşı, həm də ucuzlaşmanı müşahidə eləmək, həm də bazarda daha keyfiyyətli məhsul müşahidə etmək üçün mütləq rəqabət mühiti yaradılmalıdır. Rəqabətli bazarda sahibkarın rəqibi olur. O qiyməti artırmaq istəyəndə rəqibə uduzub, uduzmayacağını düşünür. Çox geniş araşdırmalar aparırlar ki, məhsulun qiymətini bir qəpik bahalaşdıra bilərik yoxsa yox? Sahibkarlar bir çox hallarda Elmi Texniki Tərəqqiyə müraciət edirlər. Elm adamlarına sifarişlər verib, onların kəşflərindən istifadə edərək daha çox gəlir əldə etməklə rəqibə üstün gəlməyə çalışırlar".
Havar Şəfiyeva