Azərbaycanda dərslərin yenidən sentyabrın 1-dən başlaması gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev son brifinqdə tədris ili ilə bağlı yeni təklif irəli sürüb. Nazir ümumilikdə tədris müddətinin azalmasının tərəfdarı olmadığını bildirib. “Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam”. Tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla, uşaqların gələcəyi üçün daha yaxşı addımdır: “İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə, istəkdir”, - deyə nazir bildirib.
Məsələ ilə bağlı Faktmedia.az-a təhsil ekspertləri danışıb.
Ekspert Səfa Xəlilov bildirib ki, dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı məsələ bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında müzakirə olundu. Millət vəkilləri dərslərin sentyabrın 15-i başlayıb iyunun 14-də bitməsinin vaxt itkisi olduğunu bildiriblər:
"Sentyabrın 1-də başlaması köhnə ənənədə var idi. 2004-2005 -ci tədris ilindən artıq dərslərin başlanması sentyabrın 15-nə keçirilməklə, dərslərin başa çatmsını iyun ayının 14-dək uzadıldı. Bu dəyişikliyin əsas məqsədi kimi, şagirdlərin dərs yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılması nəzərdə tutulmuşdu. İyunun 14-dək uzadılması havaların isti keçdiyi bir dövrə düşdüyü üçün, bəzi narazılıqlara da səbəb olur. Mən düşünmürəm ki, yeni tədris ili sentyabrın 1-dən başlayacaq, çünki elə olan halda dərslər iyun ayından tez bitməli idi. Gələcək planda ola bilsin ki, nəzərdə tutulub. Hesab edirəm ki, dərslərin sentyabrın 15-dən başlanması daha məqsədəuyğundur".
Təhsil eksperti İlqar Orucov isə deyir ki, dərslərin sentyabrın 1-də başlaması, əlbəttə ki, bir arzudur:
"Mən də bu fikir tərəfdarlarından biriyəm. Əslində, mən sentyabrın 1- də başlayıb, iyun ayının 15- də bitməsinin tərəfdarıyam, çünki fikirləşirəm ki, 2 həftə təhsilə biz qəza vurmuş olacağıq. Yay tətili kifayət qədər geniş müddəti əhatə edir və hətta bir neçə il öncə mən bu təkliflə çıxış etmişəm. Biz yay tətilinə 3 aylıq müddət ayırmaqla böyük yalnışlığa yol vermiş oluruq. Bu şagirdlərin məktəbdən, tədrisdən uzaqlaşmasına, eyni zamanda, kifayət qədər təhsil zəncirinin qırılmasına gətirib çıxaran səbəbdir. Bu baxımdan mən dərslərin sentyabrın 1- dən başlamasının tərəfdarıyam. Əlbəttə, bu qərarı Elm və Təhsil Nazirliyi vermir, bu qərarı Nazirlər Kabineti verir. Mən hesab edirəm ki, bu istiqamətdə mütləq şəkildə düşünmək lazımdır. Bizim bütövlükdə tədris ilində həm 5 günlük tədris günü, xeyli sayda bayram və əlamətdar günlərin, tətillərin olması xeyli problemlər yaradır. Biz bütövlükdə məktəbdə proqram mövzularının çətin mənimsənilməsindən danışırıq. Bunun səbəblərindən biri də zamanın az olmasıdır. Biz təhsildə zaman məsələsinin nəzərə alınmasının üzərində işləməliyik. Müxtəlif fikirlər var. Bu fikirləri dəstəkləyənlər də var, dəstəkləməyənlər də var. Yanvar ayının 15- də yeni tədris ilinin başlanması ilə bağlı qərar qəbul olunarkən bəzi valideynlər bu qərardan narazı idilər. İndi xeyli zaman keçib. Düşünürəm ki, valideynlər bu məsələdə mütləq şəkildə bunun faydası üzərində düşünməlidirlər. Yanvar ayında sentyabrın 1- də dərslərin başlanması üzərində fikirlər söylənərkən bəzən cəmiyyətdə aidiyyatı oldu- olmadı, bunun mahiyyətinə varmadan, faydalarını nəzərə almadan insanlar fikirlər söylədi. Mən o fikirlərə də hörmətlə yanaşıram. Biz təhsilimiz naminə bütövlükdə dərs ilinin müddətinin artırılmasının faydalarının daha çox olmasının fərqində olmalıyıq".
Ekspert Kamran Əsədov isə belə hesab edir:
"Azərbaycanda 2003-cü ildən etibarən dərslər 1 sentyabrdan yox, 15 sentyabrdan başladı. Bunun əsas səbəbi həmin dövrdə hava temperaturunun kəskin artması idi. Növbəti tədris ili ilə bağlı dəyişiklik 2015- 2016 -cı tədris ilində dərslərin may ayının sonunda yox, iyun ayının 14- də bitməsi ilə bağlı oldu. Bu da çox ciddi məsələlərdir. Bildiyimiz kimi Azərbaycanda 2008- ci ildən etibarən kurikulum standartları ilə tədris prossesləri təşkil edilir və hal-hazırda bizim dərs həftəmiz 32-34 həftəlikdir. Hal-hazırda ən zəruri məqamlardan, edilməli olan dəyişikliklərdən biri dərs prossesinin yenidən sentyabr ayının 1- dən başlaması ilə bağlıdır. Bu çox zəruridir. Hava temperaturu sentyabrın 1- dən 15- nə qədər olan müddətdə, iyun ayının 1-dən 14-nə qədər olan müddətlə eyni deyil. Havanın orta temperaturu sentyabrın əvvəllərində hər gün aşağıya doğru dəyişir, amma iyun ayının əvvəlində isə, hər gün havanın temperaturu kəskin şəkildə artır. Digər tərəfdən biz birmənalı şəkildə görürük ki, sentyabrın 1-i uşaqlar daha böyük enerji ilə məktəbə gəlirdilər. Amma, iyun ayının 1-dən 14-nə qədər olan müddətdə şagirdlər yorulurlar, isti vaxtda dərsə getmək onlar üçün uyğun deyil. Eyni zamanda qəbul imtahanları ilə də bağlıdır. Dərslər nə qədər tez başlasa, mart, aprel ayında keçirilən imtahanlara şagirdlərimiz daha hazır vəziyyətdə gələr. Valideynlər də aldıqları yay məktəbli geyimlərini daha uzun müddət ərzində uşaqlarının istifadəsinə verə bilərlər. Həmçinin, şagirdlər daha səmərəli şəkildə dərs dərs prosseslərində iştirak edə bilərlər. Biz dərslərə sentyabrın 1- dən başladıqda həm havanın temperaturu , həm şagirdlərin yüksək enerji ilə başlaması, bir sözlə bütün bu amillər onlara daha müsbət təsir göstərəcək. Birmənalı şəkildə dərslər sentyabr ayının 1-də başlayıb, may ayının 31- də başa çatmalıdır. Bu həm təhsilin keyfiyyətli təşkilinə, həm də dərs günlərinin kifayət qədər olmasına imkan verər".
Təhsil eksperti Elçin Əfəndiyə görə, dərslərin sentyabr ayının 1-dən başlanması əlbəttə mümkündür o halda ki, qəbul prossesi yekunlaşdırılmalıdır:
"Yəni ali və orta təhsil müəssilərində prosses yekunlaşdırılmalıdır. Sentyabr ayının 1-i dərslər başlanacaqsa,o zaman iyun ayının 14-ü yox, may ayının 31-i tədris ilini başa vurmalıyıq. Bu hava şəraitlə də bağlı ola bilər və yaxud da biz şagirdlərin adaptasiyasını nəzərdə tuturuqsa, o zaman iyunun sonuna qədər tədris prossesini aparmaq lazımdır.Əlbəttə bunun üçün müvafiq bir baza formalaşdırılmalı və ondan sonra bu barədə qərar verilməlidir.Sentyabrın 1-də dərslərin başlaması fikrimcə şagirdlərin prossesə daha tez adaptasiya olunması ilə nəticələnə bilər.Amma hal-hazırki vəziyyətdə bunu başlatmaq mümkün deyil.Çünki qəbul imtahanları, onların nəticələrinin elan olunması demək olar ki, sentyabr ayının 15-20-nə kimi davam edir və belə olduğu halda sentyabr ayının 1-i dərslərin başlanması qeyri-mümkün görünür. Ona görə ilk növbədə bu prossesləri tənzimləmək və sonra sentyabrın 1-ni tədris ilinin başlanğıcı kimi qərar vermək olar. Bu tezliklə də ümid etmirəm ki, prosseslər belə sürətlə davam edər. 1 sentyabr dərslərin başlanması şagirdlərin dərslərə uyğunlaşmasına gətirib çıxaracaq.Bu da təhsil göstəricilərinə müsbət mənada təsir göstərəcək amildir",
Rəna Həsənova