"Şarl Mişelin son görüşdə dəmiryol xəttinin bərpası ilə bağlı çıxışı 2020-ci il 10 noyabr bəyanatının bəndində öz əksini tapmıb. Həmin bənd Azərbaycanın bununla bağlı əlaqələri, infrastrukturunun yaradılması yönündə atılacaq addımlar, Azərbaycanın bir dövlət kimi potensial gücünü, regionda necə söz sahibi olmasını özündə ehtiva edir".
Bunu faktmedia.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Ekspert əlavə edib:
"Bu dəmiryol xəttinin açılması Azərbaycana böyük dividentlər gətirəcək. Trans- Xəzər şimal- cənub dəhlizinin Azərbaycan ərazisindən keçməsi, dəmiryolunun inkişafı daşımalarda xüsusi paya malik olması böyük üstünlüklər gətirəcək. Eyni zamanda region ölkələri üçün də qazanc mənbələrinin yaranmasına səbəb olacaq. Təbii ki, bu üstünlüklərdən hər bir ölkə yararlanmaq istəyər. Quru xəttinin bərpası Azərbaycanın Naxçıvanla və Naxçıvanla qonşu olan əsas tərəfdaş ölkə olan Türkiyəyə birbaşa gediş-gəlişi təmin edəcək. Doğrudur, Türkiyəyə Gürcüstan vasitəsilə də gediş-gəlişimiz var, amma birbaşa quru xətti ilə, Zəngəzur dəhlizinin bərpası türk dünyası üçün bir birləşmə nöqtəsi olacaq. Nəinki Naxçıvan, bizim regionun, xüsusən də qərb regionunun inkişafında və orada yaşayan əhalinin rifah halının yüksəlməsində bu dəmiryolunun açılmasının böyük əhəmiyyəti olacaq. Xəritəyə nəzər salsaq, bərpa olunacaq quru xəttinin, Zəngəzur dəhlizindən keçən ərazidə yerləşən obyektlərin fəaliyyətinə də böyük təkan verəcəyini aydın görərik".
Rəna Həsənova