"Ölkəyə gətirilən nəqliyyat vasitələrindən elektromobillərin, hibrid avtomobillərin və digər alternativ yanacaqla işləyən avtomobillərin ölkəyə gətirilməsi və satışı ilə bağlı qaydaları birmənalı olaraq bazar iqtisadiyyatı, yəni sahibkarlar, bu işlə məşğul olan şəxslər tənzimləyir. Doğrudur, burada dövlətin müəyyənləşdirdiyi gömrük rüsumları da müəyyən dərəcədə aparıcı qüvvəyə malik olur".
Bunu Faktmedia.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib. Ekspert əlavə edib:
"Hal-hazırda enerji daşıyıcılarının və ona bərabər tutulan yanacaq növlərinin satışı ilə bağlı qiymətləri Tarif Şurası tənzimləyir və nəzarətində saxlayır. Ölkəyə çoxlu sayda hibrid avtomobillərin gətirilməsi o demək deyil ki, yanacaq bolluğu yaranacaq və yanacağın qiyməti ucuzlaşacaq. Yanacağın qiyməti tənzimlənən zaman müəyyən kateqoriyaya əsaslandırılmış formada təyin olunur. Belə avtomobillərin sayının artmasının yanacağın qiymətinin ucuzlaşmasına səbəb olacağinı düşünmürəm. Ölkəyə gətirilən hibrid avtomobillərin faiz nisbəti kifayət qədər yüksək deyil. Ümumi respublika üzrə həmin avtomobillərin həcmi 30 faizi aşmır. Bu o deməkdir ki, ölkə üzrə 70 faiz avtomobillər digər yanacaq, ənənəvi yanacaq növləri ilə işləyir. Ölkəyə gətirilən hibrid avtomobillərin sayının çox olması avtomobillərin qiymətlərinə təsir edə bilər. Yanacağın ucuzlaşmasına təsir etmə ehtimalı yoxdur".
Rəna Həsənova