"Əsl sənətkar nümunəvi olmalıdır. Bu sözə etinasız və səthi yanaşmaq düzgün deyil. Sənətkar bir çoxlarına örnək olmalı, oturuşunda-duruşunda, danışıq mədəniyyəti və geyim mədəniyyətində belə özünü doğrultmalıdır. Tamaşaçı ilə ünsiyyət və münasibətlərə də diqqət yetirməlidir".
Bu sözləri Faktmedia.az-a müsahibəsində müğənni İlkin Əhmədov deyib.
Onun sözlərinə görə, sənətkar hər bir halda, hər bir yaşda nümunəvi olmalıdır:
"Mənim yaşım hələ imkan vermir ki, ölkəmizdə hansısa sənətkarların adlarını çəkim. Yeni ifa edən gəncləri bir münsif kimi ayırd edə bilərəm. Ancaq sənətkarlar haqqında heç nə deyə bilmərəm. Azərbaycanda əsl sənətkarları həqiqətən də var. Sevindirici haldır ki, onlar dünya arenasında ölkəmizi sənəti ilə layiqincə təmsil edirlər".
İ. Əhmədov öz sənəti haqqında da, fikirlərini açıqlayıb:
"Mən sənətimdə artıq 18 ildir ki, durmadan çalışıram. Ən böyük arzum xalqımıza, vətənimizə layiqli bir sənətçi, qismət olarsa sənətkar olmaqdır. Bu möhtşəm xalqın sevgisini sona qədər hiss edərək daşımaq istəyirəm. Ömrüm nə vaxta kimi davam edəcəksə, tamaşaçı sevgisi də o qədər davam etsin. Bununla yanaşı bir arzum da var ki, vətənimiz hər zaman əmin amanlıq içində olsun, qayğıdan, xoş günlərdən əksik etməsin. Mən də bacardığım qədər dövlətimizə öz sahəmdə üzü ağ şəkildə xidmət edəcəm".
Havar Şəfiyeva