"Azərbaycanda partiyalar bağlanır. Hüquqi baxımdan özləri rəsmi qaydada partiyalarının bağlanmasını elan edirlər və bəyanatlar verirlər. Ümumilikdə Azərbaycanda 59 partiya qeydiyyatdan keçib və bu günə qədər 16 partiya artıq fəaliyyətinin dayandırılmasını elan edib. 59 partiyadan neçəsinin fəaliyyətdə olduğunu, siyasi prosseslərə təsir etdiyini, siyasi prosseslərdə iştirak etdiyini, ictimai rəyə təsir etdiyini jurnalistlər, cəmiyyət daha yaxşı bilər".
Bunu Faktmedia.az-a AĞ Partiyanın rəhbəri Tural Abbaslı bağalanan partiyalar barədə danışarkən deyib. Partiya sədri bildirib ki, bu gün partiya olaraq 5-6 partiya siyasi prosseslərdə iştirak edir, yaxud da iştirak etməyə çalışır:
"Biz əslində partiyaların aktivliyi deyəndə nəyi nəzərdə tuturuq? Partiyanın bir struktur olaraq siyasi prosseslərdə aktivliyini yaxud sədrinin ortada olmadığını? Elə partiyalar var ki, partiya olaraq aktiv deyil, amma sədri populyardır, amma elə partiyalar da var ki, partiya olaraq aktivdir, sədri o qədər də populyar deyil. Bu baxımdan mən düşünürəm ki, partiyaların siyasi səhnədə fəaliyyətinin artırılmasında dövlət də maraqlı olmalıdır. Dövlət partiyaların siyasi aktyor kimi rolunun artırılması üçün də addımlar atmalıdır. Burada bir çox məsələlər var, hansı ki, biz partiyalar haqqında qanun müzakirə olunanda bunları səsləndirmişdik. Partiyalar peşəkar siyasətlə məşğul olan insanların toplaşdığı bir yer olmalıdır. Parlamentin yarıdan çoxu bitərəflər adından toplaşan insanlardır. Bu o deməkdir ki, Azərbaycanda siyasətdə 59 partiyadan daha çox bitərəflər aktivdir. Bu da heç bir dövlətdə müsbət qarşılana bilməz. Siyasət peşəkarlıq tələb edən bir prossesdir və siyasətçilərin yetişməsi partiya strukturlarında olur. Hazırda dünya, Avropa və hətta Türkiyə standartları ilə müqayisə etsək, YAP da daxil olmaqla hazırki Azərbaycan şərtlərinə uyğun olaraq heç bir partiya aktiv deyil. Amma Azərbaycan reallıqlarını nəzərə alsaq 5-6 partiya aktivdir deyə bilərik".
Rəna Həsənova