"Türkiyədə keçiriləcək seçkilər Türkiyə cəmiyyətinin daxili məsələsidir. Kimi seçəcəyi, etimad göstərəcəyi Türkiyə seçicisinin seçimidir".
Bunu Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Azərbaycan, o cümlədən dünya buna hörmətlə yanaşmalıdır:
"İnanırıq ki, Türkiyə seçiciləri yenə də düzgün seçimini edəcək. Türkiyənin minilliklərdən gələn dövləti, dövlətçilik ənənələri, dövlətçilik qüruru var və növbəti seçkilərin də yüksək səviyyədə keçəcəyinə inanıram. Türkiyə-Azərbaycan münasibətləri şəxsiyyətlər üzərində deyil, iki qardaş dövlətin maraqları üzərində qurulub. Dostluq, qardaşlıq, birlik Türkiyə və Azərbaycan cəmiyyətlərinin, xalqlarının sosial sifarişidir. Hakimiyyət ilk növbədə cəmiyyətin sosial sifarişlərini yerinə yeririr. Bizim birlikdə olmağımız, hakimiyyətdə kimin olmasından asılı olmayaraq həyati tələbatdır. Azərbaycanla Türkiyə arasında münasibətlər yaxşıdır və bundan sonra da yaxşı olacaq. Bunun alternativi yoxdur".
Rəna Həsənova