"Bizi indiyə qədər ümumiyyətlə ədəbiyyat adamı tənqid etməyib. Əsl ədəbiyyatda olan bildiyimiz adamların nə vaxtsa bu haqda mənfi fikirləri yadıma düşmür. Təsəvvür edin İlqar Fəhmi oturub meyxana dərdi çəkir, belə şey ola bilər, sizcə? Ya düşünün Ramiz Rövşən çıxır qalaq-qalaq yazılar yazır meyxananı tənqid edir".
Bunu Faktmedia.az-a meyxanaçı Kərim Abi deyib. O bildirib ki, Səlim Babullaoğlu kimi savadlı, ədəbiyyatın ən parlaq zəkalarından biri bizi silib atmırsa, bu artıq yetərincə cavabdır:
"Bizi tənqid edən adamlar deyir ki, siz niyə Kafka, Dostoyevski olmursuz? Dərd orasıdır ki, bunu deyənlər özləri də nəsə olmayıb. Meyxanaçıdan Kafka olmağı gözləyən adam, özü meyxananın hesabına tanınır. Çıxıb bizi tənqid edən adamların hansı misrası dillərdədir? Onları meyxananı bəyənməyən adam kimi tanıyırlar. Biz özümüzə şair, yazar filan demirik, amma xalq deyir. Onlara isə özündən və oturub-durduğu adamlardan başqa şair deyən yoxdur. Yazar oxunan adama deyirlər, sən min kitab burax, 5 nəfər oxumasın, sən haçandan yazar oldun ki? Yazmağa qalsa hamı yaza bilər. Burada dava "yorğan" davasıdır. Meyxanaçıların qazancı onlarda şüuraltı aqressiya yaradır. Biz də elə milyonçu deyilik, sadəcə xalqın isti münasibəti, bizə göstərdiyi nəvaziş onları qısqandırır. Gör, bu ədəbiyyatçı olduğunu iddia edənlər bir reperə dil uzadırlar?
Meyxana ədəbiyyat deyilsə, rep ədəbiyyatdır? Sadəcə rep meyxana qədər yayılmayıb, sevilmir. Sabah repi bütün ölkə sevsin, reperləri hamı toyuna çağırsın, bunlar efirdə başlayacaqlar ki, "bu nə addır Xpert, bu nə addır Paster? Qədim oğuz elində belə adlar yoxdur, hamısı qərbin təsiridir filan".
Kərim Abi əlavə edib ki, biz özümüz bilirik pis nədir, yaxşı nədir:
"Biz öz pis cəhətlərimizi bilirik və bunları düzəltmək üçün daima nələrsə etməyə çalışırıq. Ədəbiyyatla məşğul olan adamın ruhunda aramlıq olur. Ruhunda aramlıq olan adamlar da gözəl şeyləri önə çəkməyi doğru bilir, oturub xalqın istəklərini baltalamır. Azərbaycanda ciddi ədəbiyyatçılar heç vaxt meyxana haqqında danışmır. Meyxana ədəbiyyatın bir qoludur, şifahi xalq ədəbiyyatıdır, istəsələr də istəməsələr də bu belədir".
Havar Şəfiyeva