"Fikir və istəklərimizi, həmçinin ətrafdakı insanları müşahidə edib, nəticələrə gəlməyə 2020-ci il pandemiya dövrü, böyük rol oynadı. Ətrafda çox gözəl əl qabiliyyəti olan, lakin hazırladığı məhsulları təqdim edərək işıqlandıra bilməyən insanların varlığı bizə bu fəaliyyətlə məşğul olmağa, özəl brendini yaratmağa yol açdı. Beləliklə “Sən hazırla, biz təqdim edək” sloqonu ilə yola çıxdıq".
Bunu Faktmedia.az-a "Özəl" İncəsənət və Yaradıcılıq Mərkəzinin direktoru Aynur Özəl deyib.
O bildirib ki, biz lahiyəmizə başladığımızda heç “sosial sahibkarlıq” “sosial biznes” və s. kimi terminləri bilmirdik, buna bənzər lahiyələri, kimlər edir və necə edir deyə bir məlumatımız belə yox idi:
"Bildiyimiz tək şey, insanlara yararlı biri olmaq istəyinin varlığı idi və bunun üçün paylaşa biləcəyimiz tək resurs maddiyyətdən ibarət olmadığı idi bilik və güclərimizi paylaşaraq , insanların öz potensialını aşkarlamaq və onları uğura aparan yolda olan barierləri birlikdə aradan qaldırmaq idi. Çünki güc birlikdədir. Düşünürəm ən önəmlisi elə bu faktorların varlığıdır.
Son illərdə ölkə daxilində sosial sahibkarlıqla bağlı keçirilən tədbirlərin varlığı və həcmi bu məsələlər ilə aktiv məşğul olan təşkilat və fərdi şəxslərin fəaliyyəti sevindirir. Ələxsus qadın sahibkarlarına göstərilən dəstək və diqqət cəmiyyətimizin gələcəyi üçün önəmli rol daşıyır, çünki savadlı və özgüvənli qadın gələcəyin savadlı və mental sağlam nəsli deməkdir.
Biz Özəl brendi adı altında başladıq. Brendin “Özəl” adlandırılması təsadüfi deyildi, çünki hər kəsin özəl olduğunu və özəl talantlara sahib olaraq öz əlləri ilə özəl məhsullar hazırlaya biləcəklərini sübut etmək istədik.
Özəl brendi istənilən sıravi vətəndaşın brendidir, yaşından, yaşayış yerindən, irq və cinsiyyətindən asılı olmayaraq istənilən vətəndaş öz əl işlərini bu brend altında təqdim edə bilər.
İnkişaf etməyimizdə, dövlətin təşkil etdiyi müxtəlif yerli və xarici peşəkarların iştirakı ilə tədbir və seminarlara qatılmağımız böyük rol oynayır"..