"Gənclərimiz boş-bikar, taleyin ümidinə yiyəsiz buraxılır. Çünki biz gəncləri lazımi formada yetişdirə bilmirik. Artıq təhsil almaq imkanları əlçatmaz olub, özəl universitetlərdən əlavə dövlət universitetlərində də pullu yerlərin sayı çoxdur və bir çox ailələr övladlarını təhsil almağa yollaya bilmirlər".
Bunu Faktmedia.az-a sosiloq Elçin Bayramlı deyib. Sosioloq əlavə edib ki, bütün bu imkansızlıq, sosial qayğılar onları narkomaniyaya cəlb edir və ən yaxşı halda sosial şəbəkələrdə biabırçı hallarla özünü təsdiq eləmək, pul qazanmaq imkanları qazanırlar:
"Bir çox ailələr övladlarını, idmana, yaradıcılıq kurslara qoya bilmir, təbii ki, bunların arxasında da maddi sıxıntılar durur. Bir ailədə ortalama 2/3 uşaq nəzərə alsaq maddi sıxıntılar səbəbindən onları sağlam şəxsiyyət kimi yetişdirmək çətindir. Bunun qarşısını almaq üçün təcili surətdə dövlət programı qəbul olunmalıdır. Gəncləri pulsuz kurslara cəlb edilməlidir. Dövlət milyardlarla pul xərcləyib idman mərkəzləri, olimpiya klubları tikib, lakin vətəndaşların ora əli çatmır. Bu halda biz sağlam gənclik yetişdirə bilmərik. Son dövrlərdə müşahidə edirik ki, gənclər xarici dil öyrənib ölkəni tərk edirlər. Cəmiyyəti bu həddə çatdırmaq yol verilməzdir. Bununla bağlı çox ciddi imkanlar yaradılmalı, xarici ölkələrdə necə edirlərsə bizdə də o formada həyata keçirilməlidir. Parlamentdəki deputatlar boş-boş danışmaq əvəzinə yaxşı olar ki, belə mövzuları qaldırıb, qanun qəbul edilsin. Bu gənclərə dövlət sahib çıxmasa sağlam cəmiyyətdən söz gedə bilməz".
Havar Şəfiyeva