Kamal Kılıçdaroğlu: "Prezident seçkiləri vaxtında keçiriləcək"
Ölkə
15-02-2023, 17:57
"Sizə açıq və dəqiq deyirəm ki, seçkilər vaxtında keçiriləcək. Fəlakət səbəbindən seçkilərin təxirə salınması hüquqi baxımdan mümkün deyil, heç kimə belə səlahiyyət verilməyib".
Faktmedia.az Türk mediasına istinadən xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu deyib.
Siyasətçi bildirib ki, universitetlər də qapılarını tələbələrə açmalıdır:
“Dəhşət çəkirəm, kədərlənirəm, hirslənirəm. Hisslərim qarışıqdır. Övladlarını itirən anaları qucaqladım. Ölən oğlunun dəfnini gözləyən atalarla ağladım. Dövlət haradadır? Diqqətsizlik, məsuliyyətsizlik, nəzarətsizlik, dağıdıcılıq, çöküş, rüşvətxorluq, bacarıqsızlıq, talançılıq, oğurluq...Tək adam rejimi dövləti iflic vəziyyətinə saldı. Dövlət idarə olunmur, dövlət dağıdılıb. Bu təcrübə üçün məsul olan yeganə şəxs bir adamdır. Xalqımız donub öldü. Onların bacarıqsızlığı on minlərlə insanın həyatına baha başa gəldi. Xalqımız dağıntılar altında inildəyəndə Mehmetçilərimiz kazarmada gözləyirdi. Bu nə qorxaqlıqdır...", - deyə Kamal Kılıçdaroğlu əlavə edib.