"Azərbaycan uğurlu antiterror əməliyyatı keçirdi, separatçılar tamam tərkisilah olundu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilər ölkəmizi tərk etdilər və bu onların öz seçimləridir. Xankəndinə məskunlaşma artıq başlanılmalıdır, çünki sovet dövründən orada azərbaycanlılar yaşayıb, onlar öz yurdlarına qaytarılmalıdır".
Bu fikirləri Faktmedia.az-a politoloq Elxan Şahinoğlu deyib.
Politoloq əlavə edib:
"Əlbəttə, boş mənzillər var orada, amma biz əbədiyyətə qədər gözləyə bilmərik ki, ermənilər nə zaman qayıdacaq. Şəhər böyük şəhərdir. Hesab edirəm ki, bir müddət sonra biz məskunlaşma siyasətinə başlamalıyıq. Ola bilər ki, ermənilər bizə qarşı təzminat davası açsınlar, amma eyni hüquqa biz də malikik, yəni vaxtilə Ermənistandan, eləcə də Qarabağın özündən nə qədər azərbaycanlı qovulub və həmin boş qalan evləri ermənilər ələ keçirmişdilər. Bütün bunlara görə beynəlxalq aləm onlara heç nə demədi. Mən hesab edirəm ki, bizə heç kim təzyiq edə bilməz. Bir müddət gözlədikdən sonra biz Xankəndi, Əsgəran və Xocavəndi tam məskunlaşdıra bilərik. Bununla biz gələcəkdə artıq o bölgədə heç zaman separatizmin baş verməyəcəyi təminatını da əldə etmiş olacağıq".
Rəna Həsənova