"Sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin yekununda 30 illik işğal dövründə ərazimizdə qurulmuş qondarma, separatçı, terrorçu rejim dövlətimizin şərtlərini qəbul etdi, ağ bayraq qaldırdı və təslim oldu. Azərbaycan dövləti, cənab Prezidentimiz İlham Əliyev bildirdi ki, biz erməni xalqı ilə düşmən deyilik, onlar digər Azərbaycan vətəndaşları kimi qanunlarımıza riayət edib yaşaya bilərlər. Azərbaycan dövləti bütün olub-keçənlərə baxmayaraq ermənilərə əl uzatdı, qucaq açdı".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Musa Qasımlı deyib.
Deputat əlavə edib:
"Lakin onlar getməyi seçdilər. Bu onların öz hüququdur, seçimidir. Azərbaycan dövləti həmin şəxslərin getməsindən ötrü dəhliz yaratdı, təhlükəsizliyi təmin etdi, yol boyu onlara çörək, su, qida verdi. Onlar götürə biləcəkləri mal-mülklərini də götürüb maşınlarında rahat bir şəkildə getdilər. Onların geri qayıtması məsələsi hüquqi məsələdir, yəni əgər onlar vətəndaş kimi yaşamaq istəyirlərsə mütləq vətəndaşlığı qəbul etməlidirlər. Vətəndaşlığı qəbul etməyən bir şəxs Azərbaycan ərazisinə digər ölkələrin vətəndaşları kimi gəlib müəyyən müddət ərzində, 90 gün ərzində qala bilər və sonra ölkə ərazisini tərk edib çıxmalıdır. Bu seçim onlardan asılıdır. Ermənilər unutmamalıdırlar ki, azərbaycanlılar tarixi torpaqları olan, indi Ermənistan adlı ərazidən 1988-ci ildən ayaqyalın qaçıb çıxıblar. Onların evləri, malı, mülkü hamısı orada qalıb. Ermənistan orada yaşayan azərbaycanlılara qarşı cinayət törədib".
Rəna Həsənova