"Azərbaycan dövləti öz ərazisində antiterror tədbirləri həyata keçirir. Heç bir normal dövlətin ərazisində qanunsuz silahlı dəstələr, terror qruplaşmaları ola bilməz. Həmin qruplaşmalar dərhal məhv edilməlidir. Azərbaycan dövlətinin atdığı bu addım, antiterror tədbiri beynəlxalq hüquqa, haqq və ədalətə tamamilə uyğundur".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, ona görə də, hər hansı bir dövlətin - istər yaxın, istərsə də uzaq olsun, verdiyi bəyanatların heç bir təsir gücü yoxdur:
"Azərbaycan antiterror tədbirlərini terrorçular tamamilə məhv edilənə qədər, ərazimizdən tamamilə çəkilənə qədər davam etdirəcək. Ölkəmizin ərazisində dövlətimizin suveren hüquqları bərpa ediləcək, konstitusion qayda-qanun bərqərar olunacaq. Bu antiterror tədbirləri öz hədəfinə çatacaq. Hər hansı bir dövlətin Ermənistanın avantüralarının yanında yer alıb, hərbi əməliyyatlara başlayacağı inandırıcı deyil. Verilənlər yalnız bəyanat olacaq və onların da təsiri cırılıb atılmış kağız kimidir"
Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub. İ. Əliyev vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Rəna Həsənova