"Təkcə yazıçı yox, dəmirçi də öz dilini bilməlidir. Çingiz Abdullayevin "Facebook" səhifəsində öz doğma dilimizdə səhv yazısına gəlincə isə, mən əslində "Facebook" və bu kimi platformaların 99 faiz mövqeyini qəbul etmirəm. "Facebook"da Çingiz Abdullayevinin üstünə düşənlər, guya Azərbaycan dilinin qeyrətini çəkirlər".
Bu fikirləri Faktmedia.az-a tanınmış yazıçı Seyran Səxavət deyib. Yazıçı Çingiz Abdullayevi Azərbaycan dilində düzgün yazmamaqla bağlı tənqid edənlərə sual da ünvanlayıb:
"İndi mən o "Facebook" dakı 99 faizdən soruşmaq istəyirəm ki, siz Azərbaycan dilini yaxşı bilirsiniz? Əgər "hörmətli" feysbukun, hörmətli qəhrəmanları", siz doğrudan da Azərbaycan dilinin qeyrətini çəkirsinizsə, siz düz ünvan axtarmırsınız. Mən o doğru ünvanı sizə göstərmək istəyirəm. O ünvan Azərbaycan televiziya məkanı, Azərbaycanda fəaliyyət göstərən radiolar, yazılı mətbuat, saytlar, mahnı mətnləri, reklamlar və sairə, hansı ki, bu siyahını uzatmaq olar. Bunların hamısı Azərbaycan dilini qoyub ortalığa hücum etməklə məşğuldur. Əgər doğrudan da qeyrət çəkirlərsə, söhbət doğma dilimizdən gedir, televiziyalara, radiolara, qəzetlərə hücum eləsinlər, Çingiz Abdullayevə yox. Bu sadaladığım təşkilatlar gecə-gündüz Azərbaycan dilinin üstünə çirkab axıtmaqla məşğuldur. Mən 20 ildən artıqdır ki, bu işlə məşğulam. Məşğulam dedikdə öhdəliyim yoxdur, sadəcə azərbaycanlı kimi, bir yazıçı kimi 20 il bundan əvvəl bir "SOS" siqnalı qaldırmışam və bu günə qədər " Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" adlı məruzə ilə Azərbaycan Yazıçılar Birliyində, Mətbuat Şurasında, Nəsimi adına Dilçilik İnstitutunda, Dövlət Dil qurumunun monitorinq komissiyasında dilimizlə bağlı çıxışlar etmişəm. Mən bildirmişəm ki, Azərbaycan dilimiz "reanimasiyadadır", məhv olmaq üzrədir, bugün- sabahlıqdır. Konkret misallar da gətirmişəm ki, məndə minlərlə, bəlkə onminlərlə belə misallar var. Qaldı Çingiz Abdullayevin ölkədən getməyinə, əgər Çingiz vətəni tərk edib gedərsə, o içində bir Azərbaycan da aparacaq özü ilə, Azərbaycansız qalmayacaq, amma Azərbaycanın içindəki Çingiz Abdullayev gedəndən sonra, Azərbaycanın içində Çingiz Abdullayev qalmayacaq. Çingiz heç nə itirməyəcək, çünki o içində vətəni aparacaq, biz vətən olaraq, ölkə olaraq Çingiz Abdullayevi itirəcəyik".
Rəna Həsənova