"Mən onu (Çingiz Abdullayevi nəzərdə tutur) çox tənqid eləmişəm, düzü mənə qəribə gəlir, elə bilərlər ki, işim-gücüm qurtarıb. Mən onun necə yazıcı olduğunu, hansı dəyərə malik olduğunu dönə-dönə demişəm. Hətta, onu da demişəm ki, bu adam Yazıçılar İttifaqına birbaşa "yuxarı" nın göstərişi ilə özü də Mütəllibovun göstərişi ilə gəlib. Heç vaxt seçilməyib, Yazıçılar Birliyində yuxarıdan gəlib oturmuş və 35 il oturduğu yerdən əl çəkə bilməyən bir adamdır".
Bu fikirləri Faktmedia.az-a Əkrəm Əylisli son günlər AYB haqqında yaranmış qalmaqala münasibət bildirən zaman deyib.
Yazıçı əlavə edib:
"Təsəvvür edin ki, bir adama seçkili orqanda bir vəzifə verirlər, o da 35 il bərk-bərk yapışıb dayanır. Mən onu da demişəm ki, Çingiz Abdullayev nə qazanıb Yazıçılar Birliyinin katibi olmağı hesabına qazanıb. Onun istər ictimai dəyərinin, istərsə də bir yazıçı kimi dəyərinin hansı səviyyədə olduğunu mən dəfələrlə demişəm. Demişəm ki, o bu dəyərin sahibi deyil. Belə bir adamın azərbaycanlıları aşağılamağı, düşünülməmiş mənəviyyatsız söz deməyi onu göstərir ki, özünün səviyyəsi çox aşağıdır. Onun əsərlərində Azərbaycan haqqında, bir millət olaraq Azərbaycan milləti haqqında bir kəlmə də yoxdur. Onun yazdıqlarını Mozambik haqqında da, Nigeriya haqqında da yazmaq olar, Pataqoniyalı bir yazıçı da onun kimi yaza bilər. Yəni bu tipik Azərbaycan yazıçısı deyil. Beləsinə Xalq yazıçısı adı verməyin özü haradasa cəmiyyəti alçaltmaq deməkdir. Bunu deyən yoxdur, heç kəs demək istəmir və belə də qalır".
Qeyd edək ki, müğəni Elza Seyidcahanın AYB-yə üzv olması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Rəna Həsənova