"Çoxdandır artıq pafos heç Azərbaycan teatrında meydan sulamır, bəlkə də, bunun tam əksinə, meydan, küçə dilinin üslubu daha çox yer alıb Azərbaycan teatrlarında. Heç bu da təqdirəlayiq bir şey deyil əslində, amma pafos, patetika müəyyən bir dövr idi. Pafoslu danışıq tərzləri bizim məşhur bir aktyor nəsli var idi Hökümə Qurbanova, Ələsgər Ələkbərov və sairə həmin nəsildən olan aktyorlar və bu Ədil İsgəndərov, Mehdi Məmmədov teatrı idi. Tofiq Kazımov gələndən sonra artıq neorealizm, yeni insan danışıqları səhnəyə gətirdi və pafos, patetika getdi. Tək- tək aktyorların danışıqlarında bunlar var və bunu istisna hallar kimi qəbul eləmək olar".
Faktmedia.az xəbər verir ki, bunu REAL TV-nin efirində Akademik Milli Dram Teatrının rəhbəri Mehriban Ələkbərzadə deyib. O əlavə edib:
"Mən bu gün Azərbaycan teatrında pafosu danışıq dilində deyil, dramaturgiya yanaşmada axtarıram, daha doğrusu onları daha çox müşahidə edirəm. Əlbəttə, zaman- zaman bu da aradan götürüləcək. Bir zaman sosialist realizminin əsas göstəricisi belə idi: "səhnə həyatdan bir pillə yuxarıdadır, sən o həyatı nümunə həyat kimi görməlisən və bir ox işarəsi olaraq, həmin həyatın davamı olaraq o istiqamətə getməlisən". Onda o qəhrəmanlar doğrudan da artıq müsbət qəhrəmanlar adlanırdılar, onlar o şüar tərzini götürürdülər. Bu bizi tamaşaçı ilə səhnə hündürlüyü məsafəsində tamaşaçıdan daha çox ayırır. Çünki, o özü kimi danışa bilməyən adama qulaq asır, ona bənzəməyən insanın nitqini bir doğma kimi qəbul eləmək məcburiyyətində qalır, hərçənd ki, eləmir. Əlbəttə, bu tamaşaçı ilə səhnədən deyilən bir həqiqət arasında böyük uçurum yaradırdı, amma bu bir dəb idi, bir forma idi. Bu gün artıq zaman dəyişib, sürət əsridir. İnsanlar daha çevik, daha asan dilnən bir- birlərini başa salmaq istədikləri halda o ölçülər normativ ölçü sayılmır. Hər hansı bir dövrü əks etdirən tamaşa qurulduqda həmin dövrün danısıq tərzi ilə istisna hallarda ayaqlaşırıq. Tutaq ki, biz bu gün Cabbarlı, Cavid, Axundzadə hazırlayırıq, Axundzadə dili meydan dilidir və o meydan dilini çox normal normativ dilə yaxınlaşdırdı. Yəni xalq dilini yaxınlaşdırmaqla bizim bilmədiyimiz bir sıra mürəkkəb sözləri sadə məntiq içərisindən bizə verməyə çalışırdı ki, biz bu dili unutmayaq. Çünki dil xalqın tarixidir, mənsub olduğun millətin daşıdığı mədəniyyət hissəcikləridir. Sən dili unudacaqsansa, bütövlükdə kökünü unudacaqsan. Axundzadə bu barədə çox ciddi işlər görürdü. Cabbarlı normativ dil altında ərəb, fars şözlərindən çıxarılmış, təmizlənmiş sadə görünən, amma, məntiqli görünən sözlərdən istifadə edirdi, bu zaman sinonimlər artımı başlayırdı. Cavid dili başqa idi. Bir az dəlalət var idi, romantizm var idi, əsas məsələ ortaq türk dili var idi və əlbəttə ki, İstanbul şivəsi ilə bir yerdə. Amma, Cavidi bu gün hazırlayanda biz onun məzmununa cəsarət edib əl vursaq da, dilinə toxunmuruq. Mən düşünürəm ki, Cavid yaradıcılığı başqa bir dilə tərcümə olunanda Cavid poetikası itir. Çox istəyərdik ki, müxtəlif dillərdə, müxtəlif teatrlarda tamaşaya qoyulsun, amma bu dil məntiqi ilə o qədər taraz tərəzi gözündədir ki, o pafosu, romantizmi oradan götürən kimi onun gücü itir. Cabbarlını isə bu gün yazdığı dildə qoymaq mümkün deyil, çünki istər- istəməz sinonimlər dediyim topluya çəki- düzən verilməlidir".
Rəna Həsənova