"Azərbaycanda istirahət mərkəzləri rəqabətli mühit anlayışına uyğun gəlmirlər, yəni onların rəqabətli mühit şəraitində çalışması mümkün olsaydı, həm qiymətlərlə bağlı, həm keyfiyyətlə.bağlı bu qədər problemlər yaşanmazdı".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert əlavə edib:
"Çünki obyektlərin bir çoxu icarədədir, icarədarlar isə, bir mövsümə bacardığı qədər pul qazanmaq istəyirlər ki, həm icarəni ödəsinlər, həm də özlərinə 3-4 aylıq mövsüm zamanı vəsait, qazanc qalsın. Bu zaman da, həm qiymətlər həddindən artıq çox şişir, həm də keyfiyyət aşağı düşür. Bunun əsas səbəbi rəqabətsizlik mûhitinin bu sahədə də özünü büruzə verməsi və nəzarətin zəif olmasıdır. Bütün obyektlər bir çox hallarda hüquqi olaraq başqa şəxsə, çox zaman məmurlara məxsus olur. Onlar vaxtlı-vaxtında lisenziya almırlar, təmizliyə riayət etmirlər, vergi ödəmirlər və çox yüksək qiymətə də obyektləri icarəyə verirlər. Bunun nəticəsində də belə bir şəraitin yaranmasının şahidi oluruq".
Qeyd edək ki, bu gün istirahət mərkəzlərinin birində zəhərlənmə hadisəsi baş verib. Yaxın vaxtlarda isə belə mərkəzlərdən birində qurğuardan yaranmış problem nəticəsində anormal hadisə yaşanmışdı. Bu isə göstərir ki, restoranlar, istirahət mərkəzləri işlərinə məsuliyyətlə yanaşmırlar.
Rəna Həsənova