Türkiyə Prezidentdi Rəcəb Tayyip Ərdoğan rus sülhməramlıların Qarabağdan çıxması ilə bağlı açıqlama verib. Ərdoğan sülhməramlıların vaxtı çatdığında Qarabağdan çıxmasını bildirib: "Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya bu yerləri tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev artıq bunu diqqətlə izləyir". Bu açıqlamada da həm də Rusiyaya ötürülən bir mesaj var. Ərdoğanın belə açıqlaması düşmən ölkəni də qorxuya salan məsələdir.
Bununla bağlı Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə danışıb:
"Üçtərəfli bəyannamədə bildirilir ki, həmin bəyannamə 5 il müddətinə hüquqi qüvvəyə malikdir, əgər tərəflərdən biri onun artırılmasını istəmirsə 6 ay əvvəldən bu barədə məlumat verməlidir. Yəni, prinsip etibarilə Azərbaycanın haradasa ilyarım vaxtı var ki, bu məsələyə münasibət bildirsin. Sülhməramlılar bu gün regionda öz üzərlərinə düşən vəzifəni əsasən yerinə yetirsələr də, bizim onlara çox sayda iradlarımız var, hansı ki, qeyri qanuni erməni hərbi dəstələrinin silah- sursatlarının daşınmasına onların nəzarət etməsi, nəzarət etdikləri əraziləri erməni hərbi dəstələrinin vaxtaşırı atəşə tutması və sairə bu kimi məsələlərdir. Hesab edirəm ki, zamanında Azərbaycan bu məsələyə münasibət bildirəcək. Hər halda arzuolunandır ki,göstərilən vaxtda, yəni, 2025-ci ilin noyabr ayına artıq sülhməramlılar Azərbaycan ərazisini tərk etsinlər. Orada yaşayan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan Konstitusiyasına əsasən bütün vətəndaşlara olduğu kimi onlara da tətbiq ediləcək".
Rəna Həsənova