"Yardımlıda dağlıq ərazi olmasına baxmayaraq, doğrudan da ciddi su problemi, su çatışmazlığı var. Dağlarda bir sıra məşhur gözəl bulaqlar var idi, onları müxtəlif borularla çəkib kəndlərə paylayıblar, yəni bulaqlar çaylara axmır. Yayda çaylar quruyur".
Bu fikirləri Faktmedia.az-a deputat Sabir Rüstəmxanlı sosial şəbəkələrdə Yardımlı Rayonunun kəndlərində suyun eşşəklə daşınmasına münasibət bildirən zaman deyib.
Yardımlı rayonunun keçmiş deputatı əlavə edib ki, ümumiyyətlə bütün dünyanın iqlimində baş verən dəyişiklik Yardımlıya da təsir göstərir:
"Cəmi bir böyük çay var - Viləş cayı, hansı ki, onun suyundan demək olar içməli su kimi istifadə olunmur. Qalanları isə, xırda çaylardır. Əslində, su ehtiyatları, su anbarları yaratmaq olar, ciddi imkanları, böyük su potensialı var. Məsələn bir vaxtlar Nazirlər Kabinetinə mən də təklif etmişdim ki, Allar kəndindən aşağı dar bir dərə var, amma çox bol sulu bir dağ çayı keçir oradan, bir bənd qurmaqla çox gözəl dəryaça yaratmaq olar. Aşağı dağətəyində böyük sahələri tutan, uzun, qabağında bəndlər çəkiləndə Neftçaladan fərqli olaraq, dar bir yerdə böyük dəryaçalar yaratmaq olar ki, nəinki Yardımlını, bütün ətraf aran rayonlarını içməli su ilə təmin edə bilər. Sadəcə bununla məşğul olmaq lazımdır. Bu barədə söhbət oldu və baş nazirin müavini dedi ki, gedib o yerlərə baxmaq lazımdır. Mən güman edirəm ki, su ehtiyacı məcbur edəcək, gedəcəyik, baxacağıq. Mənim təkliflərimdən biri, ikisi təmin olunsa, o bölgənin içməli su təminatında ciddi dəyişiklik yaranar".
Qeyd edək ki, Yardımlıda kənd camaatının çoxu suyu eşşəklə daşıyır. Görüntülər sosial şəbəkələrdə də yayılıb.
Rəna Həsənova