Azərbaycanda jurnalistlər, daha doğrusu Media İnkişafı Agentliyinin reyestrindən keçən jurnalistlər bir sıra imtiyazlardan yararlana biləcəkdilər. Yəni güzəştli şərtlərlə, aşağı faizlə ev ala biləcəkdilər. Bu barədə Agentliyin açıqladığı mətndə deyilir:
"Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir. Fərmana görə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na 3.2.1-ci yarımbəndə əlavə edilir. Yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Qaydaya əsasən, Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır".
Lakin, xeyli müddət keçsə də bir jurnalist də bu imkandan yararlana bilməyib. Məsələni dəqiqləşdirmək istədik, MEDİA agentliyinə müraciət etdik. Faktmedia.az-a bildiridi ki, Media Reyestrinə daxil edilmiş hər bir jurnalist qanunvericiliyə uyğun olaraq güzəştli ipoteka krediti üçün müraciət edə bilər. Amma bildirilmədi ki, haçandan bu başlayıb və jurnalist hamı kimi ipoteka krediti üçün İpoteka və Kredit Zəmanət Fonduna müraciət etməlidir? Yəni elədirsə, heç bir fərq yoxdur: "Həsən keçəl, keçəl Həsən" söhbəti qüvvədədir. MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyevadan ikinci sorğumuzdur ki, belə cavab alırıq. Yəni cavabdan belə çıxır ki, artıq jurnalistlər evlərini ala bilərlər, qəti sıxıntı yoxdur.
Evsiz jurnalistlərdən biri də tanınmış jurnalist Məhəmməd Türkməndir. O da saytımıza açıqlamasında bildirib ki, ev söhbətinin gerçəkləşməsi üçün belə bir mexanizm əvvəl də var idi, əlçatan deyildi, indi də elədir:
"Mən reyestrdən keçməmişəm. Reyestrdən keçən jurnalistlərə 4 faiz güzəştli ipoteka şərtləri var, amma həmin güzəştli ipotekanı götürmək şansı demək olar ki, yox səviyyəsindədir, çünki tələb çoxdur. Deyərdim ki, jurnalistlərin 4 faizlə ipoteka götürmək şansı bəxtəbəxtdir. Gənc ailələr üçün minimal staj 3 və ya 5 il götürülür, 35 yaşdan yuxarıdırsa media təcrübəsi səhv etmirəmsə, 10 il olmalıdır. Yaşlı jurnalistdirsə son 15 ilin təcrübəsi olmalıdır. Reyestrdən keçib 4 faizlə ipoteka şansı qazanmaq o demək deyil ki, ev ala bilirsən. Bu təkcə jurnalistlərə aid deyil, orada böyük bir siyahı var. O siyahıda olanların güclü kompüter bacarığı olmalıdır ki, limit ayrılanda tez oradan seçıb ipotekaya sahib ola bilsin, lakin ipotekaya sahib olmaq da hələ ev ala bilmək deyil. Cünki, orada maksimal məbləğ 110 min manatdır. Mövcud reallıqda gənc bir ailə Bakıda həmin məbləğdə birotaqlı, yaxud birotaqlıdan düzəlmiş ikiotaqlı və ya müəyyən qədər kənarda şəraiti, təmiri zəif 2 otaqlı ev ala bilər. Qiymətlər fantastikdir. Bəzi insanlar məcbur qalıb müraciət edirlər. Amma mən çevrəmdə bu güzəştdən faydalana bilən jurnalist xatırlamıram".
Xatırlatmaq üçün qeyd edək ki, şərtlərlə bağlı məlumat bu linkdə qeyd edilib.
Rəna Həsənova