"İranın uzun illər ərzində Azərbaycan əleyhinə davranışları, xüsusilə də ikinci Qarabağ savaşındakı qələbəmizdən sonra tutduğu mövqe bu ölkənin əsl simasının nədən ibarət olduğunu tam çılpaqlığı ilə ortaya qoydu. Azərbaycanın güclənən nüfuzunu həzm edə bilməyən İran güclü Azərbaycanı özü üçün bir təhdid hesab edərək düşmən Ermənistana hər sahədə dəstək verməkdə davam edir. Çünki İrana görə güclü Azərbaycan gələcəkdə İran daxilində Milli oyanış hərəkatına dəstək verə bilər və bu İranın parçalanması ilə nəticələnər".
Bunu Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib.
"Ona görə də bütün imkanları ilə ölkəmiz əleyhinə fəaliyyəti özünün dövlət siyasətinə çevirib. Səfirliyimizə terror hücumu, ardınca millət vəkilinə qarşı həyata keçirilən terror, cəsus şəbəkələrinin aktivləşdirilməsi onu göstərir ki, İran olduqca narahatdır. Və bütün bunların fonunda Azərbaycan-İsrail münasibətlərini bəhanə edərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirir.
Təbii ki, İranın ölkəmizdə cəsus şəbəkəsinin formalaşmasında bu ölkənin Bakıdakı səfirliyinin də böyük rolu olub. Məhz bu səbəbdəndir ki, İran səfirliyinin dörd əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata”, yəni arzuolunmaz şəxs elan ediliblər.
Hadisələrin sonrakı inkişafını proqozlaşdırmaq çətin olsa da İranın xislətinin nə olduğunu bildiyimiz üçün deyə bilərəm ki, İran da eyni qaydada Təbrizdəki konsulluq əməkdaşlarımızdan kimlərisə arzuolunmaz şəxs elan edərək cavab verməyə çalışacaq. Amma İranın bundan sonra hansı addımlar atmasından asılı olmayaraq Azərbaycanı qarşısına qoyduğu hədəflərdən yayındırmaq mümkün olmayacaq. Gərginlikdən ən çox ziyan görən isə elə İran özü olacaq", - deyə politoloq əlavə edib.
Rəna Həsənova