Sosial şəbəkə istifadəçiləri bu serialdan danışır: “Əqrəb mövsümü”. Deyilənlərə görə, bu serial ölkədə bir ilkdir. Maraqlıdır, serial haqqında yazıçılar nə düşünür?
Faktmedia.az bu barədə sorğu aparıb, cavabları təqdim edirik:
Şərif Ağayar: “Yaxşı serialdır. Xüsusən, aktyor oyunu yaxşıdır. “İctimai Televiziya”nın efirə gətirdiyi qismən azadlıq öz nəticəsini verdi. Görün indi əməlli-başlı azadlıq olsa nələr olar? Yenə mən deyəndir: mühit, mühit, mühit! Bunsuz mümkün deyil. İstəsək, hər şey edə bilərik, amma bunu istəmirik. Hamılıqla istəməliyik. Arzum budur, bir gün ciddi film çəkməyi də istəyək, ədəbiyyatla kino arasında məqsədli şəkildə yaradlımış baryerləri aradan qaldıraq, sənətdəki rus totalitarizminə son qoyaq”.
Günel Natiq: “O seriala baxmamışam, amma haqqında çox danışırlar, bu müzakirərələr mənim də marağıma səbəb olub, vaxt tapsam mütləq izləyəcəyəm. Kino mənim yaralı yerimdir, bu sahədə keyfiyyətli işlərimizin az olduğunu düşünürəm. Lakin bu serial haqqında xoş rəylər adamda ruh yüksəkliyi yaradır. Demək ki, hələ hər şey itirilməyib”.
Hədiyyə Şəfaqət: “Baxıram. Bəyənirəm. Süni dialoqlardan, türk seriallarından hopan saxtalıqdan uzaqdır. Müəyyən dərəcədə qane etməyən şeylər var. Amma ümumi fikrim müsbətdir. Yaradıcı heyətə uğur arzulayıram”.
Nərgiz İsmayılova: "Trendləri izləmirəm əslində, dünya trendləri kontekstində çox geridə qalmışıq. "Əqrəb mövsümü"nü dünyada hər il çəkilən 70-dən çox film və serialı izləyən biri kimi, deyə bilərəm ki, Azərbaycan serial tarixçəsində sadəcə yeniliyin qığılcımı olduğu üçün alqışlayıram".
Furqan: "Əqrəb mövsümü" serialına baxmağa dünən başladım. Bir seriyasına baxmışam. Amma "Körpü" serialını bitirdim. Bəyəndim. Ssenaridə yüngülvari boşluqlar olduğunu düşünsəm də, əziyyət çəkənlərə minnətdaram. Xüsusilə də, Nofəl Şahlaroğlunun aktyorluq bacarığını çox sevdim. Bizdə də nəhayət belə ekran işlərinin olması sevindiricidir".
Sevinc Hüseynova