Hindistanda yetkinlik yaşına çatmayan qızların qeyri-qanuni evləndirilməsi ilə bağlı 2000-dən çox kişi həbs edilib. Belə ki, Assam əyalətində polis əməliyyat keçirib.
Faktmedia.az xəbər verir ki, 50-dən çox hindu keşişi və müsəlman din xadimi də daxil olmaqla, yüzlərlə kişi uşaq istismarı ilə əlaqədar saxlanılıb. 35 milyon əhalisi olan əyalətdə uşaq evlilikləri gizli şəkildə həyata keçirilir. Ekspertərin fikrincə, bu kimi halların çox olmasının başlıca səbəbi yoxsulluq, təhsilsizlik və düşünülməmiş icra edilən adət-ənənələrdir.
BMT-nin 2021-ci ildə açıqladığı hesabata görə, Hindistan dünyada ən çox uşaq gəlinlərə ev sahibliyi edən ölkədir. Dünyada 223 milyon uşaq gəlinin 3-də biri burada yaşayır. Ana ölümlərinin Hindistanda yüksək olmasının səbəbi də uşaq evlilikləridir.
Qeyd edək ki, Hindistanda qanunla evlənmə yaşı kişilərdə 21, qadınlarda isə 18-dir. Amma hər il ən azı 1,5 milyon qız uşağı qanunsuz olaraq evləndirilir.
Sevinc Hüseynova