"Azərbaycanda 4 günlük iş rejiminə keçid mümkün məsələ deyil. Avropada və digər ölkələrdə bu eksperimental səviyyədədir, yəni bəzi şirkətlər iş günlərinin sayını azaltmaqla, yeni texnoloji tətbiqlər nəticəsində işin keyfiyyətini artırıblar. İşçi 5-6 gün ərzində hasil etdiyini 4 gün ərzində hasil edir".
Bunu Faktmedia.az-a hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Hüquqşünas əlavə edib ki, burada istehsalın, görülən işin həcminin azalmasından söhbət getmir, əksinə biznes sektoru işçinin əmək haqqını əvvəlki səviyyədə saxlayır:
"Bunun biznes sahəsinə və işçiyə faydaları nədir? İşçi öz hasilat normasını 5 gün əvəzinə 4 gün ərzində yerinə yetirir və istirahət günləri çox olur. Eyni zamanda, işçinin əmək haqqı da olduğu kimi qalır. Biznesin uduşu isə, müəssisənin kommunal, elektrik enerjisinin sərfiyyatı və digər zəruri xərclərin azalmasıdır. 4 günlük iş rejimi, məsafədən işləmə sistemi var ki, bunlara lV sənaye inqilabı da deyirlər. Məsafədən işləmə zamanı da xərclər azalır, yəni kiçik ofislərdən istifadə edirlər ki, bu da minimum sərfiyyat deməkdir. Belə təşəbbüslər var, amma Azərbaycanda bunu hansısa biznes qurumu edə bilərsə etsin. Buna qanunla heç bir qadağa yoxdur. Əmək haqqını eyni həcmdə saxlamaqla edə bilər. Lakin, dövlət sektoru bunu edə bilməz. Dövlət sektoru üçün ayrıca qərar qəbul olunmalıdır. Dövlət sektorunun əksəriyyətində 8 saat əvəzinə işçini 10 saat işlədirlər. Avropa ölkələrində də hələ heç bir dövlət sektoru bu rejimə keçməyib. Ola belə bir eksperiment aparılır. Bizim qanunvericilikdə belədir ki, işçinin ziyanına olan, qanunvericilikdə göstərilmiş minimum hüquqları məhdudlaşdırmaq olmaz. Əksinə, işçinin hüquqlarını genişləndirmək lazımdır. Əgər işçini 6 gün işlədib 1000 manat verirdisə, 4 gün işlədib yenə həmin məbləği verəcəksə ona heç kim heç nə deyə bilməz. Amma mən hesab etmirəm ki, Azərbaycanın əmək sektoru buna bütövlükdə hazırdır, sadəcə eksperiment səviyyəsində ola bilər".
Rəna Həsənova