“Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir”.
Faktmedia.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.
R.Usubov qeyd edib ki, eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər: “Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaq”.
General-polkovnikin sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verdi və illərlə “dondurulmuş” sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaratdı: “Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir”.
“Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır”, - R.Usubov əlavə edib.