Artıq Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsinə başlanılıb. Zolağın yolun “Şamaxinka” adlanan ərazidən Masazır dairəsinədək olan hissəsini əhatə edəcəyi bildirilir. Artıq yolun böyük hissəsində xüsusi zolağın çəkilişi başa çatdırılıb. İşlər tam başa çatdıqdan sonra avtobus zolağına daxil olan minik avtomobilləri inzibati qaydada cərimələnəcək.
Bəs bu zolaq hər iki istiqamətdə yaranan tıxacların qarşısını ala biləcəkmi?
Məsələ ilə bağlı Faktmedia.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Bakı-Sumqayıt yolu respublika əhəmiyyətli yollar sırasına daxildir, böyük əhəmiyyətə malik bu yol Bakı şəhərinin vahid şimal giriş-çıxış zonasını əhatə edir və ona görə də daha çox yüklənməyə məruz qalan yollardan biri, daha doğrusu, birincisidir:
"Avtobus zolaqlarının çəkilməsi sərnişindaşımada ən mühüm amil olan sərnişinlərin daşınmasına, onların gediş-gəlişinin rahat, təhlükəsiz təmin olunmasına səbəb olacaqdır. Biz, vətəndaşlara şəxsi avtomobillərdən deyil, daha çox ictimai nəqliyyatdan istifadə etməyi hər zaman tövsiyə edirik. Eyni zamanda biz vətəndaşları inandırmalıyıq ki, həqiqətən də müntəzəm olaraq keyfiyyətli sərnişindaşımanı təşkil edirik. Şəxsi avtomobillərdən istifadəni - təbii ki, söhbət gündəlik istifadədən gedir, azaltmağa çalışmalıyıq. Hər bir ailənin şəxsi avtomobili olmalıdır, bu yüksək göstəricidir və sevindirici haldır, amma gündəlik olaraq ictimai nəqliyyata üstünlük verilməsini təmin etməyə çalışmalıyıq. Bu, yollarda baş verən sıxlığın qarşısının alınmasına da kömək edər".
Rəna Həsənova