"Omikron mutasiya etməkdə davam edir və onun ştammı ayrı-ayrı ölkələrdə xəstəlik törədir. Baxmayaraq ki, pandemiya bitib. Pandemiyanın bitməsi o deməkdir ki, yenidən baş verə bilməz. Bu xəstəliklə bağlı, yəni SARS-2 virusunun törətdiyi COVİD- 19 pandemiyası yenidən alovlana bilməz".
Bunu Faktmedia.az-a tibb üzrə ekspert Adil Qeybulla deyib.
Ekspert əlavə edib:
"Çünki bir tərəfdən vaksinasiya olunmuşların hesabına, digər tərəfdən yoluxub immunitet yarananların hesabına infeksiya zənciri qırılıb, amma mutasiyalar davam edir. Hər bir mutasiya yeni formada xəstəlik yarada bilir və bu gün COVİD-19 xəstəliyi hələ davam edir. Digər tərəfdən də xəstələnən şəxslər arasında yoluxma indeksi yüksəkdir, amma ağırlaşma və ölüm riskləri xeyli aşağı düşüb. Azərbaycanda da bunun olması tam mümkündür, hətta bu gün baş verən əlamətlər, yəni yüksək hərarət, bağırsaq pozuntusu, intoksikasiya əlamətləri, halsızlıq, zəiflik və sairə kimi əlamətlər bəlkə də daha çox Omikron ştammına uyğun gəlir. Yəni bizdə onun olması realdır, çünki dünya qloballaşan dünyadır, insanlar gediş-gəlişlə bu xəstəliyi müxtəlif yerlərə apara bilərlər. Bu baxımdan hər kəs özünü qorumalıdır. Karantin qaydalarını insanlar bilir və bu qaydalara əməl etsələr daha yaxşı olar. Xəstələnən şəxslər isə yataq rejimində olmalı, sağalana qədər buna ciddi əməl etməlidirlər".
Rəna Həsənova