"Azərbaycanda məzuniyyətlə bağlı ödənişlər maaşa bağlıdır. Təbii ki, millət vəkillərinin maaşı yüksək olduğu üçün məzuniyyət haqları da yüksəkdir, yəni burada qanunauyğunluq var".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert əlavə edib:
"Azərbaycanda ümumən maaşların aşağı olması digər bir problemdir və Azərbaycanda hökumətin də əsas vəzifəsi o olmalıdır ki, həm özəl, həm də büdcə sektorunda çalışan insanların maaşı yüksək olsun. Maaş yüksək olduqca məzuniyyətlə bağlı ödənişlər də yüksələcək. Yəni, qanunvericilikdə bunun birbaşa bağlantısı var. Millət vəkillərinin əmək haqları yüksəkdir deyə, onların məzuniyyət haqları da ona uyğun olaraq hesablanır".
Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.
Milli Məclis üzvlərinin məzuniyyət zamanı alacaqları müavinət bu formadadır:
– Spiker – 21 min 300 AZN;
– Spikerin birinci müavini – 19 min 170 AZN;
– Spikerin müavinləri – 18 min 105 AZN;
– Komitə və komissiya sədrləri – 17 min 40 AZN;
– Komitə və komissiya sədrlərinin müavinləri – 15 min 975 AZN ;
– Deputatlar – 10 min 400 AZN;
Qeyd edək ki, Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manatdır.
Rəna Həsənova