"İran Xarici İşlər Nazirliyinin başçısı öz mövqeyində səmimi deyildi və Azərbaycan səfirliyinə qarşı cinayət törədən cinayətkarın və yaxud da cinayətkarların cəzalandırılması ilə bağlı konkret heç nə demədi. O sadəcə şərti cümlələr qurdu ki, əgər bu cinayət faktı sübut olunarsa, onu törədən cəzalandırılacaqdır".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Hikmət Babaoğlu deyib. Deputat əlavə edib:
"Bu o demək idi ki, biz heç bir terrorçunu cəzalandırmayacağıq, çünki burada İran dövlət dairələrinin öz əli var. İranın xarici İşlər naziri Azərbaycana səfərini bir tərəfdən Azərbaycanla qonşuluq münasibətlərinin yaxşılaşdırılması üçün yeni fürsət kimi qiymətləndirir. Digər tərəfdən də, biz bilirik ki, Hindistan- Rusiya və İran xarici işlər naziri bu gün çox qızğın şəkildə müzakirə etdikləri bir məsələ var, o da, Azərbaycandan yan keçməklə yeni şimal - cənub dəhlizi marşrutu müəyyənləşdirməkdir. Zəngəzur dəhlizinin açılmasına qarşı olmadıqlarını bildirsələr də, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər ki, var " Zəngəzur dəhlizinin açılmasına İran mane olur", bu günə qədər İran onun bu mövqeyini təkzib etməyib. Demək bu doğrudan da belədir. Yaxşı olardı ki, Azərbaycanda bizim jurnalistlər İran xarici işlər nazirindən Ermənistan xarici işlər nazirinin dedikləri ilə bağlı mövqeyini soruşardılar, görək onda nə deyəcəkdi. Yəni, iranın mövqeyində səmimi dəyişiklik yoxdur, sadəcə vaxtı uzadır, Azərbaycan səfirliyinə qarşı törətdikləri cinayəti ört-basdır etmək istəyirlər və bunu özlərinə qazanc hesab edirlər. Mən düşünürəm ki, yaxşı nəsə gözləmək doğru olmazdı. İran xarici işlər naziri də yaxşılığa doğru konkret bir addım atılması ilə bağlı, törədilmiş cinayətlə bağlı, cinayətkarın cəzalandırılması ilə bağlı heç nə demədi. Hesab edirəm ki, Azərbaycan öz haqlı mövqeyində davam etməlidir və bu o vaxta qədər davam etməlidir ki, İran öz səhvini başa düşüb, öz anti- sülh mövqeyindən geri çəkiləcək".
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Bakıda olan zaman bildirib ki, İran tərəfi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan hiddətlənib və təəssüflənib:
"Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs məsuliyyətə cəlb olunacaq və ağır şəkildə cəzalanacaq. Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik",
Rəna Həsənova