Jurnalist Seymur Verdizadə güzəştli mənzillər barədə danışıb. Jurnalist MİDA-nın qoyduğu şərtlərin yenə əlçatmaz olduğuna diqqət çəkib:
"MİDA-nın jurnalistlərə təklif etdiyi güzəştli mənzillərlə bağlı şərtlərini oxudum. Düzünü deyim ki, xəbəri 5 dəfə oxuyandan sonra nəsə anlaya bildim. Çox az sayda jurnalist tapılar ki, həmin kriteriyalara uyğun gəlsin. Mən özümü ağır kriteriyalardan birinə uyğun saydım. Şərtlərn birində deyilir: “15 il jurnalist stajın və Media Reysterində qeydiyyatın” olmalıdır. Sevindim ki, sabahdan gedib sənədləri toplayım. Çünki həm stajım 15 ildən çoxdur, həm də Media Reysterində qeydiyyatım var. Sonra aydın oldu ki, kriteriyalara cavab versən də, sənədləri toplasan da, bu hələ sənə ev vermək anlamına gəlmir. Səni hələ qarşıda MİDA-nın təşkil etdiyi mənzillərlə bağlı oyunda iştirak gözləyir. Bilirsiniz ki, orada da sistem açılmağı ilə evlərin satılmağı bir olur. Sizcə, sənədləri qaydasında olan Məhəmmədəli Qəribli kimi zavallı bir jurnalist 7-8 saniyəyə oradan ev uda bilər?"
Jurnalistin açıqlaması ilə MİDA-ya müraciət etdik. Qurumun sözcüsü Diana Dadaşova Faktmedia.az-a bildirib ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir:
"Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir".
Rəna Həsənova