"Azərbaycanda su hövzələrin çirkləndirməsinin əsas mənbəyi məişət və sənaye sularıdır. Sənaye suları əsasən Abşeron yarımadasında və ona yaxın olan sahilboyu ərazilərdə müşahidə olunur. Bir çox yerlərdə köhnə neft çıxarılan mənbələrdən də çirklənmələr müşahidə olunmaqdadır. Bunlar əsasən Xəzər dənizinin çirklənməsinə səbəb olur".
Bu fikirləri Faktmedia.az-a ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.
Onun sözlərinə görə daha çox çirklənmələr istifadə etdiyimiz məişət sularında da olur:
"Bakı şəhəri ərazilərdə olan bütün qəsəbələr mərkəzləşdirilmiş kanalizasiya xətlərinə qoşulmayıb və buna görə də həmin ərazilərdən gələn sular Xəzər dənizə tökülür. Əksər rayon yerlərdə də çirklənmələr baş verir. Çay boyu tikilən evlərdə kanalizasiya sistemləri olmadığı üçün bütün axıntılar çaylara axır. Beləliklə də həmin su hövzləri yararsız vəziyyətə düşür. Turizm yerlərində tikilən otel və istirahət mərkəzlərində də kanalizasiya sistemləri yoxdur. Bu kimi halların qarşısını almaq üçün həmin ərazilərdə kanalizasiya sistemi quraşdırılı, bu istiqamətdə görülən işləri sürətləndirməlidir".
Havar Şəfiyeva