"Son illərdə vaxtsız, qəfil ölüm halları artıb. Burada bir çox fundamental səbəblər var. Onlardan biri sosial vəziyyətlə, yəni yaşayış şərti, həyat şəraiti, saxta və keyfiyyətsiz qidalar, saxta dərmanlar, vaxtında və normal tibbi xidmət ala bilməmək, müayinə olunmamaqla bağlıdır. Digər səbəb isə, son dövrdə cəmiyyətdə stresin artması, yəni insanların yaşayışı, əmək şəraiti, psixoloji gərginliklə bağlıdır. Bu iki fərqli səbəb qəfil, tez ölümlərə gətirib çıxarır və sürətlə artır. Bunlardan əlavə son 1-2 ildə başqa bir amil də ortaya çıxıb ki, bu da peyvəndlərin təsiri ilə bağlıdır".
Bunu Faktmedia.az-a sosiloq Elçin Bayramlı deyib. Sosioloq əlavə edib:
"Son illərdə dünyada kütləvi sayda qəfil ölüm halları artıb, bir çox ölkələrdə alimlər, ekspertlər bunu son vurulan vaksinlərin təsirindən olduğunu sübut ediblər. Bəzi ölkələrdə vaksinin orqanizminə vurduğu ağır fəsadları elmi şəkildə sübut edərək hökumətdən çox sayda kompensasiya alanlar da olub. Bizdə də cavan yaşda qəfil ürək tutmasından yaranan ölüm halları çoxalır. Hesab edirəm ki, sadaladığım köklü səbəblərdən əlavə, vaksinlərin də ölüm hallarının artmasında rolu var. İkinci vaksindən sonra daha çox miokard infarktı, mən tibbi tərəfini izah edə bilməsəm də sümük iliyi problemi yaranır, hansı ki, bu da qəfil ölümə səbəb ola bilir. İndiki dövrdə iş, həyat şəraiti elədir ki, mən deyərdim bunun qarşısını almaq imkanı yoxdur. Qidalarımız saxta və keyfiyyətsizdir, normal dərmandan, stressiz işdən söhbət gedə bilməz, psixoloji gərginlik yüksək səviyyədədir, sanki şüa okeanının içərisində yaşayırıq, elektromaqnit dalğalar, internet, mobil telefon və s.bu kimi təsirlər sağlamlığa çox ciddi zərbə vurur və insanlarda qəfil ölüm hallarına gətirib çıxarır. İnsanlar mümkün qədər özlərini qorumalıdırlar. Sağlam həyat tərzinə üstünlük verməlidirlər. Eyni zamanda, ölkədə icbari tibbi sığorta elə bir formada olmalıdır ki, hər bir vətəndaş ildə iki dəfə tam müayinədən keçə bilsin və səhhətində yaranan hansısa problem varsa vaxtında qarşısını ala bilsin. Biz görürük insanlar maddi səbəblərdən illərlə müayinədən keçə bilmir və orqanizmdəhər hansı bir ciddi problem yetişməkdədirsə xəbəri olmur, nəticədə də qəfil ölüm baş verir. Ümumilikdə bu məsələnin iki tərəfi var. Bir tərəfdən vətəndaş özü özünü qorumalıdır, ikinci tərəfdən isə, dövlət məcburi şəkildə, necə ki, bəzi ölkələrdə edirlər, hər bir vətəndaşın pulsuz şəkildə ildə 2 dəfə ətraflı müayinədən keçməsini təşkil etməlidir. Əks halda bu vəziyyət daha da kəskinləşəcək, qəfil ölümlərin sayı artacaq və bu çox ciddi bir problemə gətirib çıxaracaq".
Rəna Həsənova