"Ancaq anormal adamlar çoxuşaqlı ailələri qınaya bilərlər. Bu adamlar da iki qrupa bölünür: Onların biri qorxaq və yaltaq kütlədir. Hansı ki onlar ölkədəki sosial problemləri, ailələdə 3-4 uşaq olanda yaranan ağır vəziyyətin səbəblərini dilə gətirə bilmirlər".
Bu sözləri Faktmedia.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Onun fikirlərinə görə digər qrup öz kefini düşünən, uşaqlar olsa onlara maniə olacaqlar kimi düşünən kütlədir:
"Bunlar öz əyləncəli həyatını düşünən, mənəvi və psixoloji durumu normal olmayan xəstə insanlardır. Normal insanlar bilir ki, az uşaqlılıq çox ciddi faciəvi bir dəhşətə gətirib çıxaracaq. Bir millətin məhv olması üçün bundan ağır faciə ola bilməz. Çünki uşaqlar az olanda milli genofondu məhv olur. Xalqın normal inkişafı üçün hər ailədə 3 uşaq olmalıdır. Bu artım deyil, belə olsa millət özünü məhv etməkdən qurtular. Lakin cəmiyyətdə artım olunmasını istəyirsə burada say 4-5 uşaq nəzərdə tutulur".
E.Bayramlı bildirir ki, bunun səbəblərinə gəldikdə sosial iqtisadi problemlər əsas götürülür:
"Elə adamlar var ki, özlərini düşünüb heç bir uşaq dünyaya gətirmirlər. Bunlar insanlar yox, zombilərdir. Onlar dayanmadan yeyib içib kef etmək istəyirlər. Bütün ölkələr öz əhalinin artmasını istəyir. Hətta Çin belə artıq ailələrdə uşaqların artmasını istəyir. Onlar öncə bir uşaqlı modelə keçdilər və gördülər ki, bu çox ağır faciələrə doğru gedir və bunu başa düşərək qərarını verdilər. Bunun üçün ölkədə uşaq pulu verilməlidir".
Havar Şəfiyeva