"Bu gün Azərbaycan Türkiyə münasibətləri özünün ən pik dövrünü yaşayır, xüsusən də cənab Ərdoğanın növbəti dəfə Prezident seçilməsindən sonra Azərbaycanla Türkiyə arasında olan münasibətlərin daha da inkişaf edəcəyi qənaətindəyəm. Artıq yeni komandanın tərkibi elan olunub. Cənab Ərdoğan tərəfindən yeni nazirlər təyin olunub. Nazirlər yeni təyin olunan şəxslər olsa da, əslində, Türkiyə siyasətini izləyən şəxslərin böyük əksəriyyəti o insanları yaxşı tanıyırlar. Çünki zamanında həmin şəxslər digər vəzifələrdə təmsil olunduqları dövrlərdə Azərbaycanla çox sıx əlaqələrdə olan şəxslər olublar".
Bu fikirləri Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib.
Politoloq əlavə edib:
"İndiyə qədər Milli Kəşfiyyat təşkilatına rəhbərlik edən və hal- hazırda Xarici İşlər Naziri vəzifəsində Mövlud Çavuşoğlunu əvəz edən cənab Hakan Fidanın Azərbaycanla kifayət qədər yaxşı əlaqələri və münasibətləri var. Eyni şəkildə Müdafiə Naziri vəzifəsinə yeni təyin olunan general Yaşar Gülərin də Azərbaycanla yaxşı əlaqələri var. O Azərbaycan-Türkiyə təlimlərində kordinasiyanı həyata keçirən şəxslərdən biri olub. Bundan başqa, uzun müddət Türkiyənin maliyyə naziri vəzifəsində işləyən və yenidən maliyyə və xəzinə naziri vəzifəsinə təyin olunan Mehmet Şimşekin də Azərbaycanla yaxşı əlaqələri olub. Yeni təyin olunan nazirlərin üçü də nazir müavini vəzifəsini həyata keçiriblər və fəaliyyət göstərdikləri müvafiq nazirliklərdə Azərbaycanın müvafiq strukturları ilə əlaqələrin təmin olunmasında, birgə layihələrin həyata keçirilməsində, ayrı- ayrı Azərbaycan- Türkiyə nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsində rolu olan şəxslərdir. Yəni, böyük əksəriyyəti bu və ya digər şəkildə Azərbaycanla bağlı layihələrdə iştirak ediblər, Azərbaycanda səfərlərdə olublar. Bu baxımdan tam məsuliyyəti ilə demək olar ki, bundan sonra biz Azərbaycanla Türkiyə arasında olan münasibətlərin daha da geniş inkişafına şahidlik edəcəyik".
Rəna Həsənova