"Əsas məsələ keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasıdır. Onların mütləq əksəriyyəti qayıtmaq arzusundadır və qayıtmağa hazırlaşır".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq sualına aydınlıq gətirən zaman deyib.
Deputat əlavə edib ki, artıq 2 kənddə və 1 şəhərdə məcburi köçkünlərimiz daimi yaşamağa başlayırlar və zaman keçdikcə daha çox kənd və şəhərlərimizə məskunlaşma gedəcək:
"Vaxtilə dövlət tərəfindən tikilmiş, məcburi köçkünlərin yaşadığı mənzillərlə bağlı məsələlər qanunauyğun şəkildə həll ediləcək. Həmin mənzillərdə yaşayan məcburi köçkünlər əgər tam ailə kimi köçəcəklərsə, o zaman mənzil dövlətin fondunda qalacaq və onu nə cür istifadə etməyi dövlət özü həll edəcək. Bu 30 ildə gələn gənc ailə artıq bir neçə ailəyə bölünüb. Ola bilsin ki, həmin ailə üzvlərinin bir hissəsi qayıdır, bir hissəsi isə həmin mənzildə yaşamağa davam edəcək. Bu zaman, həmin ailənin həmin mənzildə yaşamaq hüququ barəsində yəqin ki, hər hansı bir hüquqi normativ qəbul ediləcəkdir. Bütün bu məsələlər hüquqla, ədalətlə həll ediləcək. Dövlətimiz hər bir vətəndaşın taleyinə, onun hüquqlarının qorunması məsələsinə diqqətlə yanaşır. Cənab Prezidentimiz bütün çıxışlarında aparılan siyasətin vətəndaşların maraqlarının təmin edilməsinə yönəlməsi fikrini dəfələrlə vurğulayıb".
Rəna Həsənova