"Qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər iki variantda valideynlər günahkardır. Evdən qaçan qızların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanıdır".
Bunu Faktmedia.az-a açıqlamasında Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli deyib.
O qeyd edib: "Gənclərin yalnız öz istəklərini önəmsədiyi dövrdə onlara çox sərbəstlik vermək gələcəkdə pis nəticələrə gətirib çıxara bilər. Əgər həmin uşaq ailədən şiddət görürsə, o özü də gələcəkdə şiddət göstərəcək. Ona görə də belə hallarda ailələrə psixoloji dəstək vermək lazımdır. Əgər bir qız yaşadığı evdən qaçırsa, deməli, ana və qızı arasında normal əlaqələr demək olar ki, yoxdur. Səbəb odur ki, bu kimi analar qonşuların özəl həyat qeybətlərini dinləməklə, evdə türk və xarici seriallara, filan müğənni filan işi gördü xəbərlərinə baxmaqla məşğuldular".
Fatimə Hacıbəylinin sözlərinə görə, qızların bu cür davranışlarının əsl səbəbkarı təshilsiz və dünyagörüşsüz olan analardır:
"Bu anaları da qınamaq olmur. Çünki həmin ananın anası da onu belə böyüdüb. İincisi efirlərdə gördüyü bunlardı. Övladın dostları, dərsləri, müəllimləri ilə maraqlanan, psixoloqla söhbətlər aparan anaların sayı bu gün həddən artıq aşağı, yox səviyyəsindədir. Ailədən diqqət, bəzi mövzularda dəstək görməyən qız uşağı da asanlıqla ətrafdaki insanların davranışlarına aldanır. Burada sosial şəbəkələrin rolu böyükdür".
Havar Şəfiyeva