Psixoloq Sona Səlimli "biz nə etməliyik ki, yetişdirilən uşaq həm ətrafına, həm də ümumilikdə cəmiyyətə xeyir versin" sualına aydılıq gətirib.
Faktmedia.az psixoloqun şərhini təqdim edir:
Bir çoxu düşünür ki, balaca uşaqlarla ciddi həyati və fəlsəfi mövzularda danışmaq olmaz. Bu yanlış düşüncədi, çünki yuxarıda da qeyd etdiyim kimi birinci böhran dövrü 3-6 yaş aralığına təsadüf edir. Empirizmin banilərindən biri olan Con Lokun fikrinə əsasən uşaqlar boş lövhədir və oranı necə doldurmaq valideynlərdən asılıdır. Belə ki, bir valideyn oranı gözəl şeylərlə də doldura bilər cızma-qara ilə də. Bəs sağlam düşüncə nədir, biz nə etməliyik ki, yetişdirilən uşaq həm ətrafına, həm də ümumilikdə cəmiyyətə xeyir versin.
İlk olaraq uşaqlar sözlərlə yox, praktika ilə öyrənir. Yəni valideyn uşağına yalan danışmağın yanlış hərəkət olduğunu dəfələrlə izah edə bilər, amma əgər istənməyən qohum zəng etdikdə valideyn uşağına de ki, evdə yoxdur deyirsə, onda uşaq görəcək ki, baxmayaraq ki, atam ya da anam deyir yalan danışmaq pisdir, özləri yalan danışırlar. Uşaq burdan belə nəticə çıxarır ki, deməli bəzi anlarda yalan danışmaq olar. Bunun kimi bir çox nümunəni göstərmək olar. Yəni valideyn istəyirsə ki, uşağı telefonda çox vaxt keçirtməsin, biraz kitab oxusun gərək uşaqla birlikdə olanda o da telefonla məşğul olmasın və özü də mütaliə etsin. Atalarımızın “Uşaq evin güzgüsüdür” sözü heç də əbəs deyil.
Hələ kiçik yaşlardan uşaqlar zəhmətə öyrəşdirilməlidir. Bəzən bir çox ailə əsasən də nənə-babalar ilk uşağı o qədər əzizləyir ki, ərköyünlük baş qaldırır. Uşaq biraz böyüdükcə isə gileylənirlər ki, artıq idarə etmək olmur. Ərköyün böyüdülən uşaq hər şeyin onun üçün xüsusi olduğunu, bütün dünyanın ona eynilə “evdəkilər”-in davranacağı kimi davranacağını, qəbul edəcəyini düşünür. İş burasındadır ki, sosial mühitdə bu belə olmadığı üçün sərt reaksiya ilə rastlaşan bu gənclər ya əsəb keçirdir, etiraz edir, ya da get-gedə içinə qapanmağa başlayır. Mən demirəm ki, uşağa sevgi göstərilməməlidir sadəcə bu qədərində olmalıdır ki, uşaq sevildiyini hiss eləsin, amma bu sevgidən asılı vəziyyətə düşməsin.
Məktəblərə getsək sinif otaqlarında xaosla qarşılaşırıq. Uşaqlar onlara verilən avadanlıqlara səliqəsiz davranırlar. Valideynlərə səslənmək lazımdır ki, uşaqlarda göstərilən əziyyətə dəyər vermək onu qorumaq fikrini qaldırmaq lazımdır. Bəzi ailələrdə evin hər işini ana gördüyü üçün uşaqda onsuz da kimsə mənim tökdüklərimi yığışdıracaq fikri formalaşır. Bunun qarşısını almaq üçün kiçik də olsa ev işlərində valideynə kömək etməyi, uşağın öz otağının qayğısına özünün qalmalı olduğu uşağa hələ kiçik yaşlardan vurğulanmalıdır. Valideynlərin etdiyi ən ciddi yanlışlardan biri də yuxarıda qeyd olunanların yalnız qız uşaqlarına aşılayıb, oğlanların onsuz da heç vaxt səliqəli olmadığı kimi heç bir əsası olmayan fikrə tutunması və tərbiyəni bu istiqamətdə aparmasıdır. Cinsindən asılı olmayaraq təməl etik davranış qaydalarını uşaqlara anlatmaq lazımdır.
Həmçinin cinslər arasında münasibətdə ayrı-seçkilik qoymağın yanlış olduğunu anlatmaq lazımdı. İnsanlara onların cinsləri üzərindən deyil, fərd olaraq münasibət bəslənməli olduğu aşılanmalıdır. Klassik streotipik və toksik yanaşmalarla böyüdülən qız ya da oğlan uşağı gələcəkdə ya həmcinslərinə ya da qarşı cinsə psixoloji və fiziki şiddət göstərə bilər. Yaxud bir cinsin digər cinsə kobud və nalayiq hərəkətlərini gözündə normallaşdıra bilər.
İnsan iki dəfə böhran dövrü yaşayır. Bunun birincisi 3-6 yaş aralığında digəri isə yeniyetməlik dövründə baş verir. Bunun əsas səbəbi həm baş verən ciddi fizioloji, hormonal dəyişikliyin baş verməyidi, həm də mənlik şüurunun formalaşmasıdı. Yəni məcazi mənada desək həm "bədən", həm də "mənlik" baş qaldırır.
Böhran adlandırılan dövrdə əsasən də yeniyetməlikdə valideynlər iki qat ehtiyatlı və anlayışlı davranmalıdır. Çünki bu dövrdə yeniyetmələr özünü valideynə, dostlara, cəmiyyətə təsdiq etməyə çalışır. Etməyə çalışarkən məntiqsiz görülən şeylər də edə bilər. Əsasən də zərərli qruplara meyl bununla bağlıdır. Amma diqqət yetirsək görərik ki, bu zərərli qrupların yönəldiyi qruplar da məhz yeniyetmələrdir. Çünki yeniyetmə hələ yeni yeni özünü kəşf edir və rol model tapmağa çalışır, valideyn laqeydliyi ya da həddindən artıq nəzarətdə saxlamağı onu mənfi yerlərə sürükləyə bilər.
Biz deyə bilmərik ki, bütün psixoloji problemlər məhz yeniyetməlik dövründə baş qaldırır. Amma ən sadə problemlər belə yeniyetməlik dövründə ciddi məsələyə çevrilə bilər. Bu dövrün həssaslığını da nəzərə alsaq, valideynin " sənin ağzın isti yerdədi, yediyin qabağında, yemədiyin arxanda" kimi ifadələri yeniyetməni özünə qapadır, o düşünür ki, valideyin məni anlamır, sevmir, mənə nifrət edir. Bununla da bir anlaşmazlıq depressiyaya, özünə qapanıqlığa, asosiallığa ən pis halda isə intihara gətirib çıxara bilər.
Dini birləşmələr, narkotikadan istifadə edən qruplar, insan alveri ilə məşğul olan şəbəkələr üçün ən yaxşı hədəf yeniyetmələrdi. Bəs valideyn nə etməlidi ki, uşaq bu yerlərə meyl etməsin. Valideynin edəcəyi ən vacib element anlayışlı olmağıdı. Uşaqla yox sanki yaşıdı ilə danışdığını hiss etdirməlidi, yeniyetmənin fikirlərinə hörmət etməli, hətta gənc səhv belə etsə ona əsla sərt və birmənalı reaksiya göstərməməlidi, hər zaman yanında olacağını edilən səhvi birlikdə həll edəcəyini hiss elətdirməlidi. Həm də yeniyetməyə sən filan şeyi etməməlisən kimi şərt qoymaq lazım deyil, daha çox edilən şeyin niyə səhv olduğunu, nə kimi ziyan verə biləcəyi izah edilməlidi.Yalnız bundan sonra gənc özünə ziyan olacaq şeylərdən uzaqlaşa bilər.
Havar Şəfiyeva