Xalq şairi Sabir Rüstəmxanlı xanımı Tənzilə Rüstəmxanlıya təsirli şeir həsr edib.
Faktmedia.az həmin şeiri təqdim edir:
Günlərin birində gözlənilmədən
Döysə qapımızı çağırılmamış bir qonaq
Gəlsə fərmanım,
Darıxma, xanım,
Səni tək qoymaram
– Yerin altından da köməyim dəyər.
Məni bu dünyada tək qoydun, demə,
Səni tərk etməsə xatirəm əgər...
Biz ki bir şərəfli ömür yaşadıq,
Sıxma ürəyini, ağlama, əsla.
Özün gedən yolu asanlaşdırıb
Məni bu şəhərdə saxlama, əsla!
Verdim bu şəhərə diriliyimi,
Ölüm kəndimizə dönsə, yaxşıdır.
Üstümdə boşboğaz çıxışlardansa,
Bir bacı ağısı dinsə, yaxşıdır.
Yenə bir uşağı səsləyər yollar,
Coşar dağ çayında dəli çağlarım.
Bir vaxt borc verdiyi bir övladını
Yenidən qoynuna alar dağlarım...