"ABŞ-də bilsələr ki, orqan nəyinsə qarşılığında verilir, o orqanın köçürülməsi həyata keçirilmir. Bu işi alverə çevirmək olmaz. Amerika və Avropada orqanın kimdən, harada, necə çıxarılmasından köçürülməsinə qədər keçdiyi yol ciddi sənədləşdirilir".
Bunu ABŞ-nin Nyu-York ştatında transplantasiya üzrə cərrah, çalışdığı transplant mərkəzində canlı böyrək, mədəaltı vəz və robot cərrahiyyəsi proqramlarının direktoru, Amerika-Azərbaycan Tibb Assosiasiyasının təsisçisi və ilk prezidenti Rauf Şahbazov deyib.
"Əgər həkim bunu bilərəkdən edirsə, dərhal cinayətkar kimi həbs edərlər. Bizim üçün xəstə də, donor da, orqan vermək istəməyən də insan olaraq əzizdir. Həkim olaraq hər kəsin maraqlarını qorumalı və onları eşitməliyik. Onların hər hansı narahatlığını hörmətlə qarşılamalıyıq. Hər bir kəsin öz qərarını verməsində inandığı səbəbi var. Amma orqan transplantasiyalarında bəzən o səbəblər əsaslandırılmış olmur. İnancımız olan İslam dinində də, yaşadığımız cəmiyyətin qayda-qanunlarına görə də, orqan transplantasiyaları qəbul olunandır. İnsanların narahatlığının səbəbi sistemin düzgün qurulmamasındandır. Sistem mütləq şəffaf və ədalətli olmalı, insanlar bu işə inanmalıdır. Məsələn, orqan köçürülməsində xəstələrin xəstəlik dərəcələrinə görə siyahı olur. O növbələr elmə əsaslanmalı və ədalətli olmalıdır. Kimsə kiminisə qohumu, tanışıdırsa, o əvvələ salına bilməz", - həkim bildirib.
Mənbə: Kaspi qəzeti