Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.
Faktmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırlayıb.
Qəbula görə təşəkkürünü bildirən Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə dövlət başçısına məlumat verib. Bildirib ki, Şimali Makedoniya sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb. O, ATƏT-in Şimali Makedoniyaya üzv dövlət kimi verdiyi dəstəyini xatırladaraq, hazırda ölkəsinin bu təşkilatın gündəliyində duran məsələlərin həllinə öz töhfəsini verməyə çalışdığını dedi, bu baxımdan Şimali Makedoniyada daxili siyasətdə “Hamı üçün vahid cəmiyyət” konsepsiyasından çıxış etdiyini bildirdi, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bu xüsusda ölkəsinin əldə etdiyi təcrübənin Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyasının, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini qeyd edib. Dövlət başçısı Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırlayıb.