"Bu muzey dünyada kifayət qədər tanınmış muzeydir və hər zaman turistlərin axınını müşahidə edə bilərsiniz".
Bunu Faktmedia.az-a Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib.
"Ölkəmizə gələn xarici turistlərin böyük əksəriyyətinin ziyarət etdiyi məkanlar içərisində Azərbaycan Milli Xalça Muzeyi mütləq yer alır. Təkcə ötən il muzeyimizin 70 min 608 tamaşaçısından 38 min 313 nəfəri xarici qonaqlar olub.
Azərbaycan Milli Xalça Muzeyi bir neçə ildir ki, ardıcıl olaraq “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına layiq görülür. Dünyanın məşhur turizm saytı olan “Tripadvisor”un 2010-cu ildə təsis olunan bu sertifikatı yüksək səviyyədə xidmət göstərən məkanlara, turizm müəssisələrinə turistlərin il ərzində qeyd etdiyi rəylər əsasında təqdim olunur. Muzeyimiz həmçinin Beynəlxalq Muzeylər Şurasının (İCOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi- 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına da layiq görülüb.
Düşünürəm ki, bu faktlar xarici turistlərin muzeyimizə böyük marağını və müsbət münasibətini ifadə edir", - deyə direktor bildirib.
Havar Şəfiyeva