"Təəssüf ki, nə qədər məlumatlandırma işləri aparılsa da, yenə də şəbəkə marketinqi, yaxud piramida yaradılaraq insanların müxtəlif yollarla aldadılıb bu şəbəkələrə cəlb olunması davam edir".
Bunu Faktmedia.az-a hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O bildirib ki, qonşu Rusiyada bu daha geniş yayılıb:
"Təəssüf ki, bizdə də belə hallar baş verir. Belə hallarda zərərçəkmişlərin hüquqlarını təmin etmək çox çətin olur. Adətən, o şəxsləri ələ keçirmək mümkün olduqda cinayət məsuliyyətinə cəlb olunur. Ziyan vurmuş şəxsin azadlıqdan məhrum edilməsi, hansısa bir cəzaya məruz qoyulması sosial ədalətin və zərərçəkmişlərin hüquqlarının bərpa olunmasıdır. Əgər onların əmlakları, vəsaitləri varsa, müsadirə olunaraq satılıb zərərçəkmişlər arasında bölünə bilər. Lakin onların elə də böyük əmlakları qalmır ki, dəyən ziyanı ödəməyə kifayət etsin. Buna görə də əksər hallarda zərərçəkənlər uduzur".
Qeyd edək ki, Azərbaycanda son dövlərlər məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan "İnstpower" piramidasının fəaliyyətini dayandırdığı bildirilir. Piramidanın adminlərinin sistemi söndürdüyü bildirilir. Şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir. "İnstpower"in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə "investorların" hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar ki, serverlər yeniləndiyindən və vergi problemlərinə görə "İnstpower" işləmir.
Rəna Həsənova