Azərbaycanda satılan çörəyin içindən sement kağızı çıxması ilə bağlı xəbər vermişdik. Belə ki, "Gəncə təndiri"ndən alınan çörəkdə "norm" markalı sement kağızı çıxıb.
Məsələylə bağlı Faktmedia.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri bildirib ki, qida məhsulunun içərisindən kənar cisim cıxırsa, deməli, o qida məhsulunun istehsalında heç bir sanitar normalardan danışmaq olmaz:
"Azad İstehlakçılar Birliyinə illər boyu gələn şikayətlər və bizdə olan nümunələr içərisində çörəyin içərisindən 10 sm bolt, muncuq, insan dişi çıxması kimi hallara rast gəlmişik. Təəssüf ki, bəzi çörək müəssisələrində qidanın təhlükəsizliyi qorunmur. AQTA geniş şəbəkə ilə hamısına nəzarət edə bilmir, çünki yoxlamalara məhdudiyyətlər var. Hökumətin qida təhlükəsizliyinin qorunması sahəsində böyük səhvləri var, yəni cəld reaksiya mexanizmi yoxdur. AQTA yoxlamaya gedəndə icazələr alır, qarşı tərəfə xəbərdarlıq edir. Belə bir effektsiz mexanizm olduğu şəraitdə çörəyin içərisindən nə desəniz çıxa bilər. Çörək biznesi bazarın ən liberal sahələrindən biridir. Kim istəsə, necə istəsə çörək bişirə bilər".
Birlik sədri əlavə edib ki, çörəklə bağlı standartlara əməl olunmur:
"Belə bir vəziyyət istehlakçının həyatında öz mənfi izlərini qoya biləcək nəticələrə, zəhərlənmələrə gətirib çıxara bilər. Belə istehsalçı müəssisələr baykot olunmalıdır. Ciddi monitorinqlər keçirilməlidir. Mən bu faktı AQTA ya göndərəcəm və çalışacam ki, bu xoşagəlməz halı təqib etsin, lazımi yoxlamalar aparılsın".
Rəna Həsənova