"Hər hansı bir ölkəyə, diyara qədəm qoyan əcnəbi ilk olaraq onun daşına-divarına baxır, tikililərinə nəzər yetirir, memarlığını araşdırır. Cünki abidələr və tikililər İnsanlıq tarixidir, bəlli bir mənsubiyyəti var, onu yaradan etnomilli təxəyyülün, idrakın qabiliyyət dərəcəsini göstərən, ölkənin tarixi inkişaf prosesini ölçən spesifik yaradıcılıq formuludur. Bu anlamda, heç şübhəsiz ki, tarixi abidələr tarixin böyük bir hissəsi, daha dogrusu tarixin özü deməkdir".
Bunu Faktmedia.az-a AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin üzvü Gülşən Məmmədoğlu deyib.
"Azərbaycan abidələrinin qədimliyinə, qədim tikililərinin zənginliyinə görə dünyada öndə olan ölkələr sırasındadır. Bu, bir fakt kimi, bu irsi yaradan Xalqımızın nə qədər yaradıcı, nə qədər mədəni, nə qədər məhsuldar tarixə malik olmasına dəlalət edir. İstər qədim daş abidələrimiz, istərsə də memarlıq nümunələri sayılan tarixi tikililərimiz həm etnos olaraq, həm də coğrafiya olaraq mədəni və ruhani dünyagörüşümüzün özünəməxsus çalarlarını göstərir.
Həmişə düşünmüşəm ki, əgər bir xalq kimi, tarixin öyrənilməsi istiqamətində tələb olunan digər mənbə və vasitələrdən məhrum olsaydıq, təkcə malik olduğumuz daş yaddaşımızın varlığı, mədəniyyət tariximizin, maddi və mənəvi istehsalat təcrübəmizin ulu bir başlanğıca, çoxşaxəli inkişaf döngələrinə malik olduğunu sübuta yetirə bilərdi. Bu mənada həm abidələrimiz, həm də memarlığımız bizi bəlirləyən və fərqləndirən milli pasportumuzdur.
Təkcə paytaxt Bakı və ətrafında yerləşən abidələri götürsək, bir-birindən fərqli nümunələri çeşidləndirə bilərik. Bu məkanda ən qədim həyatı, sivilizasiyanı göstərən Qobustan Qayaüstü təsvirlərindən başlayaraq, tarixin müxtəlif dövrlərinə aid edilən Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bayıl qalası, Multani Karvansarası, Mərdəkan qalası, Tazəbəy Hamamı, Təzəpir Məscidi və XX əsrin əvvəllərinə qədər uzanan digər məhşur abidələr siyahısı burda mövcud olan həyatın, mədəniyyətin kökü ilə yanaşı, həm də davamlılığından xəbər verir. Ancaq qeyd edim ki, bu sadalalanlar Bakıdakı tarixi-mədəni mirasın tanınan, yəni üzdə olan məlum bir hissəsidir. Bunlardan əlavə, xarici görünüşü ilə diqqət çəkməyən kifayət qədər qədim çox ilginc abidələr var ki, onların araşdırılması, öyrənilməsi həm tariximizin mübahisələndirilən müəyyən məqamlarına tam aydınlıq gətirə bilər, həm də ölkəmizə olan turizm maraqlarının çoxalmasına səbəb olar", - deyə əavə edib.
Havar Şəfiyeva