İranda Azərbaycan səfirliyinə edilən hücumdan xeyli vaxt keçsə də İran bu barədə Azərbaycan üzr istəməyib. Bundan əlavə İran hökuməti terrorçunu cəzalandırmaqda da maraqlı deyil. Bütün bunlar azmış kimi İran KİV-ləri terrorçunu qəhrəman kimi qələmə verir və Azərbaycanı qonşuluqda düşmən ölkə kimi qələmə verir. Bu da azmış kimi, İran Azərbaycanın torpaqlarını 30 il işğalda saxlamış Ermənistanla da gündəlik iqtisadi dövriyyəsini artırır, əməkdaşlığı gücləndirir, konsulluq açır, pulsuz silahla təmin edir. İslam dövləti Ermənistanın əməllərini göz yumur, Azərbaycanı "pis qonşu" adlandırır.
İki gün əvvəl - 5 iyul 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatının toplantısı təşkil edildi. Toplantıda İran XİN rəhbəri də iştirak edib. O jurnalistlərə açıqlamasında Azərbaycanla münasibətləri bərpa etməkdə maraqlı olduqlarını ifadə edib. İran XİN rəhbəri bu açıqlamanı verməzdən öncə ölkəsinin yürütdüyü siyastin yanlış olmasını, Azərbaycana qarşı hədə-qorxu bəyanatlarının yığışdırılması, Azərbaycandan üzr istəməli olduqları halda susmaları barədə danışmayıb.
Millət vəkili Hikmət Babaoğlu bildirir ki, İran Xarici İşlər Nazirliyinin başçısı öz mövqeyində səmimi deyildi və Azərbaycan səfirliyinə qarşı cinayət törədən cinayətkarın və yaxud da cinayətkarların cəzalandırılması ilə bağlı konkret heç nə demədi:
"O sadəcə şərti cümlələr qurdu ki, əgər bu cinayət faktı sübut olunarsa, onu törədən cəzalandırılacaqdır. Bu o demək idi ki, biz heç bir terrorçunu cəzalandırmayacağıq, çünki burada İran dövlət dairələrinin öz əli var. İranın xarici İşlər naziri Azərbaycana səfərini bir tərəfdən Azərbaycanla qonşuluq münasibətlərinin yaxşılaşdırılması üçün yeni fürsət kimi qiymətləndirir. Digər tərəfdən də, biz bilirik ki, Hindistan- Rusiya və İran xarici işlər naziri bu gün çox qızğın şəkildə müzakirə etdikləri bir məsələ var, o da, Azərbaycandan yan keçməklə yeni şimal - cənub dəhlizi marşrutu müəyyənləşdirməkdir. Zəngəzur dəhlizinin açılmasına qarşı olmadıqlarını bildirsələr də, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər ki, var " Zəngəzur dəhlizinin açılmasına İran mane olur", bu günə qədər İran onun bu mövqeyini təkzib etməyib. Demək bu doğrudan da belədir. Yaxşı olardı ki, Azərbaycanda bizim jurnalistlər İran xarici işlər nazirindən Ermənistan xarici işlər nazirinin dedikləri ilə bağlı mövqeyini soruşardılar, görək onda nə deyəcəkdi. Yəni, iranın mövqeyində səmimi dəyişiklik yoxdur, sadəcə vaxtı uzadır, Azərbaycan səfirliyinə qarşı törətdikləri cinayəti ört-basdır etmək istəyirlər və bunu özlərinə qazanc hesab edirlər. Mən düşünürəm ki, yaxşı nəsə gözləmək doğru olmazdı. İran xarici işlər naziri də yaxşılığa doğru konkret bir addım atılması ilə bağlı, törədilmiş cinayətlə bağlı, cinayətkarın cəzalandırılması ilə bağlı heç nə demədi. Hesab edirəm ki, Azərbaycan öz haqlı mövqeyində davam etməlidir və bu o vaxta qədər davam etməlidir ki, İran öz səhvini başa düşüb, öz anti- sülh mövqeyindən geri çəkiləcək".
Deputat Fazil Mustafa da hesab edir ki, burada birinci səfirliyimizlə bağlı əsas məsələ, ikinci İranın törətdiyi, dəstəklədiyi terror aktları ilə bağlı məsələ gündəmə gəlir:
"İran bunlara son qoyarsa, qısa müddətdə əlaqələri bərpa etmək mümkündür. Amma indiki şərtlərdə hələ ki, İranın buna reaksiya vermədiyinə görə, belə bir nəticənin ortaya çıxacağını güman etmirəm. Amma, ümid edirəm ki, normal bir davranış olar və qısa müddətdə bu münasibətlərin bərpası da mümkün olar".
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın açıqlamasını olduğu kimi təqdim edirik: İran tərəfi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan hiddətlənib və təəssüflənib. Nazir əlavə edib ki, Azərbaycanla razılaşdırdıq biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs məsuliyyətə cəlb olunacaq və ağır şəkildə cəzalanacaq. Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik.
Azərbaycanın qonşusu İranın bakıya göndərdiyi diplomatın bundan artıq fikrini görə də bilməzdik. Çünki İran Azərbaycandan artıq ehtiyyat edir. 44 günlük Vətən Müharibəsində əldə etdiyi nailiyyəti gördü. ordumuzun gücünə d bələddir. Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyev də öz fikirlərində hər zaman İrana mesajlar göndərib.
Bəsti MƏMMƏD