"Sertifikasiya sözü bir çox müəllimlərin qorxulu yuxusu idi və olmaqda davam edir. Mən 2017-ci ildə MİQ müsabiqəsindən keçərək işə qəbul oldum. Bu prosesə müəyyən qədər bələdəm".
Bu fikirləri Faktmedia.az-a açıqlamasında Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 2023-cü ildə keçirilən sertifikasiya prosesinin test mərhələsində iştirak edərək 57 bal toplayan Günay Ələkbərzadə deyib.
O, həmçinin qeyd edib:
"Bildiyiniz kimi, sertifikasiya prosesinə ilk dəfə olaraq 2022-ci ildən başlanılıb. Ötən il 5 ilim tamam olmadığı üçün mən bu prosesdə iştirak edə bilmədim. Təəssüflənsəm də düşündüm ki, yaxşı nəticə üçün daha yaxşı çalışaram. Lakin bir sıra səbəblərdən, hansı ki, 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalib oldum və bu yöndə işlərin çoxluğu, gündəlik dərsə hazırlaşma prosesi (iş vərəqləri, təqdimat və s. hazırlama), 4 həftəlik İnnovativ məktəb təlimi ilə bağlı 3 həftə İsrail dövlətində, bir həftə Bakıda təlimdə iştirak etdiyim üçün, bir sözlə, vaxt məhdudiyyətindən sertifikasiyaya məqsədyönlü hazırlaşa bilmədim. Ətrafımda imtahana ciddi, uzunmüddətli hazırlaşanları görəndə hardasa, vicdan əzabı belə çəkirdim. İmtahana qədər düşünürdüm ki, hədəf olaraq bəlirlədiyim 50 balı keçə bilməyəcəyəm. Məni tanıyan yaxın insanlar bu yöndə nə qədər desələr də ki, sən yüksək bal toplayacaqsan, o potensiala maliksən, sırf çalışmadığım üçün özgüvənimi yüksək tuta bilmirdim. İmtahan vaxtı Bakıda təlimdə olduğum günlərə təsadüf etdiyi üçün, Nazirlik imtahan üçün bir günlük Gəncəyə gedib-qayıtmağıma izn verdi. Və nəhayət imtahana girdim. Bütün həyəcanımı kənara atıb sualları işləməyə başladım, nəticə 57 bal. İmtahandan çıxanda sual ünvanladılar ki, hansı kursla hazırlaşmısınız və s? Cavab belə oldu ki, kurs nədir, hətta özüm fərdi olaraq belə hazırlaşmağa vaxt edə bilmədim.
G. Ələkbərzadə yüksək nəticəyə görə ilk növbədə 1-ci sinifdən 11-ci sinfə qədər gündəlik dərs oxumağına, sonra iş prosesində daim apardığı araşdırmalara borclu olduğunu bildirib:
"Bəzi həmkarlarım kurikulumdan şikayət edirlər. Amma mənim üçün kurikulumdan düşən sualları cavablandırmaq elə də dəhşətli olmadı. Səbəb odur ki, bizdə məktəb rəhbərliyi tərəfindən (Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəb) dərslərin yeni təlim üsulları ilə keçirilməsinə xüsusi təlimat və nəzarət vardır. Mən də məhz bu yöndə dərslərimi keçdiyim üçün düşən sualların məzmunu demək olar ki, dərs zamanı praktik tətbiq etdiklərim idi. Ümumiyyətlə, həyatı boyu heç bir imtahana xüsusi və ya fərdi hazırlaşaraq getmədim, həmişə də nəticəm yaxşı olub. Öz müəllimim özüm oldum həmişə. Və özümü refleksiya edərək gəldiyim nəticə odur ki, əgər müəllim il ərzində dərslərini sadəcə dövlətin tələb etdiyi şərtlər əsasında qurub keçirsə, onun xüsusi hazırlaşmağa heç də ehtiyacı yoxdur, bu onun üçün əsl hazırlıq olar. Sonda qeyd edim ki, özü öyrənməni öyrənə bilməyən müəllim başqalarını da öyrədə bilməz".
Havar Şəfiyeva