Azərbaycanda Vasif Talıbov və onun qurduğu "şahlıq" taxtı "yıxıldı". Amma nədənsə onun mal-mülkü alınmadı, övladlarının adına yaratdığı şirkətlər əlindən alınmadı, ən əsası onu həbs etmədilər. Milyonlar, bəlkə də milyardlar yemiş şəxs azadlıqda gəzir.
Faktmedia.az-a danışan yazıçı Əkrəm Əylisli məsələyə belə yanaşır:
"Mən heç kəsin həbs olunmasını istəmirəm. Vasif Talıbovla mənim heç bir düşmənçiliyim də yoxdur, onunla tanış olmuşam, söhbət etmişəm, ancaq onu deyə bilərəm ki, indiki situasiya mənim üçün çox da aydın deyil. Aydın olmayan bir şeydən danışmaq bir az çətindir mənim üçün. Çünki bu insan 30 il orada işləyibsə, işləyə bilibsə, oğurlayıbsa heç kəs görməyib bu da gülüncdür mənim üçün. Necə ola bilər ki, 30 il dağıdasan heç kəs görməsin ki, sən nəyisə dağıdırsan, nəyisə düz eləmirsən. Bu bir az mürəkkəb məsələdir. Mən bu barədə fikir bildirməyə, söz deməyə çətinlik çəkirəm, çünki mənim üçün aydın olmayan məqamlar var. Bu adam o səviyyədə, o şəkildə özbaşınalıq edibsə, o nöqsanları görməmək mümkün deyil. Mənim üçün önəmli olan Naxçıvanın yaxşı olmasıdır, kimin işləyəcəyi fərq etməz. Vasif Talıbovun öz dünyagörüşü var idi, elə bilirdi ki, Naxçıvan onundur. O bu əxlaqnan, bu əqidəynən yaşayırdı. O həm də, havadan gəlməmişdi ora, arxasında duranlar var idi. Arxasında duranlar qaçırsa, yazıçı bu barədə nə deyə bilər?".
Rəna Həsənova