Azərbaycanda bir müddətdir ki, taksi xidmətləri və qiymətlər barədə müzakirələr başlanılıb. İlk öncə müzakirənin haradan başlandığına istinad edək:
“Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə artıq bir müddətdir ki, mühüm islahatların planlamasını aparır. Nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir.
Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq. Bu dəyişikliklər qəbul edildikdən sonra qlobal şirkətlərin ölkə qanunlarına riayət etməsini təmin etmək üçün müvafiq alətlər formalaşacaq. Qeyd edim ki, Azərbaycan bu şirkətlərin tənzimlənməsini həyata keçirən ilk ölkə deyil. Təxminən 10 il bundan öncəyə qədər sifarişli taksi xidmətləri və ya “raydşeyrinq” xidməti yeni biznes modeli olduğundan heç bir ölkənin qanunverciliyində öz əksini tapmayıb. Zaman keçdikcə tənzimləyici qurumlar biznesi öyrənməyə və müvafiq tənzimləmə alətlərini qanunvericiliyə daxil etməyə başlayıblar. Bəzi ölkələr tənzimləmədə yumşaq yanaşma tətbiq etsə də, digərləri sərt yanaşmaya üstünlük verib. Hətta beynəlxalq praktikada, o cümlədən qabaqcıl ölkələrdə, yerli qanunları pozan şirkətlərin lisenziyasının məhdudlaşdırılmasının da dəfələrlə şahidi olmuşuq".
Bu fikirləri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev agentliklərin birinə müsahibəsi zamanı deyib.
Nazir əlavə edir: "Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır. Təəssüf ki, tənzimlənmədəki boşluqlar bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, araşdırmalarımız onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub".
Nazirin açıqlamasından məlum olur ki, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri yaxın zamanlarda bağlanacaq. Biz diqqəti 200-2010-cu illərə çəksək görərik ki, həmin illərdə taksi tapmaq olmurdu, ya da çox baha qiymətlər təklif olunurdu. Nəticədə vətəndaşlar yollarda qalırdı. Ölkəyə ayaq açan xarici taksi şirkətləri bu problemi aradan qaldırdı. Bu gün istənilən yerdən taksi sifariş verib getmək olar.
Cənab nazir bir məsələyə diqqət çəkir: keyfiyyət və təmizlik... Gəlin şəhərlərimizdə fəaliyyət göstərən iri sərnişin daşıma vasitələrinə nəzər salaq. Guya, bütün avtobuslarda bu gözlənilir? Hələ də köhnə avtobuslar, tozlu-torpaqlı, qırıq-sökük sərnişindaşıyıcılar var ki, minilməsi doğru deyil. Elə isə nazir taksilərdəki təmizlik məsələsini hansı səbəblə qabardır? Vahid taksi xidməti əsas məsələdirsə, onun problemləri, çatışmazlıqları olmayacaq?
Mövzu ilə bağlı deputat və ekspertlərin fikrini öyrənməyə çalışdıq. Deputat Fazil Musatafa Faktmedia.az-a açıqlamasında bildirdi ki, vahid taksi sistemi Azərbaycanda tətbiq olunan bir sıra vahid pəncərə, mərkəzləşmiş idarəetmə və başqa kateqoriyalara uyğun gəlir. Bu, o deməkdir ki, daha çox inhisarçılıq ortaya çıxmağa başlayır. Əslində, bu kimi məsələlərdə normal nəzarət olsa, heç qiymətlər də bu qədər baha olmaz. Alternativlərin, sağlam rəqabətin olması lazımdır:
Deputat bildirib ki, rəqabət yoxdursa, hansı qaydaları uydurursan uydur, bunun bir o qədər də effekti olmur:
"Ona görə də biz bu məsələlərdə daha çox rəqabət mühitinin yaranmasına çalışmalıyıq. Nə qədər şirkətlər çox olarsa və onlar arasında rəqabət olarsa, o zaman iş də effektli olar. Amma vahid taksi prinsipi odur ki, bu kiminsə inhisarına verilir və inhisarda da istədiyi qiyməti qoyacaq, necə ki, dərman və başqa sahələr bərbad vəziyyətdədir, bu da elə bir vəziyyətə düşə bilər. Mərkəz olmur ki, şikayət edə biləsən. Rəqabət olanda bu şirkətdən istifadə etmirsən və onun gəlirləri aşağı düşür. Amma rəqabət olmayanda məcbur olub birindən istifadə edirsən və onun qiymətləri ilə də razılaşmalı olursan. Mən hələ vahid taksi sisteminin fəaliyyəti, proqramı ilə bir o qədər də tanış deyiləm, amma əvvəlki illərin təcrübəsi göstərir ki, bu metod fayda vermir, xüsusilə də, vətəndaşın ziyanına işləyir".
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə məsələyə belə yanaşıb:
"Vahid taksi sistemi haqqında məndə məlumat yoxdur, nəinki məndə, ümumiyyətlə ictimaiyyətdə bununla bağlı hər hansı bir məlumat yoxdur. Vahid taksi sistemi, vahid taksi xidməti, vahid nəzarət sistemi kimi terminlər müxtəlif qurumlar tərəfindən tez- tez işlədilir və yaxud da mediada biz bunları eşidirik, amma bunun nədən ibarət olması bu ifadələri işlədən şəxslərdən başqa heç kimə məlum deyil. Amma, onu deyə bilərəm ki, hansı sistem qurulur qurulsun, Azərbaycanda taksi tariflərinin yüksəlməsi üçün hər hansı bir əsas yoxdur. Bu gün ictimai nəqliyyatın bərbad olması səbəbilə taksiyə tələb var, eyni zamanda, taksiyə tələb olduğu qədər də təklif var. Yəni kifayət qədər taksilər də var, taksi şirkətləri də var. Mən düşünmürəm ki, yeni sistem qurulandan sonra taksidə gediş haqları kəskin artsın. Taksi qiymətləri dəyişən tariflərdir. Əgər qiymət bu gün artırsa, sabah enə də bilər və yaxud da qiymət enirsə, sabah yenidən qalxa da bilər. Bunlar hamısı mövsümlə, iqlimlə, həmçinin günün müxtəlif saatları ilə əlaqəli olan məsələlərdir".
Millət vəkili Rüfət Quliyev isə hesab edir ki, taksi xidməti ilə bağlı sərnişinlərin kifayət qədər narazılıqları olur. Geyimlərindən tutmuş, rəftarı, tərbiyyəsi, özlərini apara bilməməsi, hətta sərxoş vəziyyətdə taksi sürməsi ilə bağlı etirazlar eşidirik:
"Biz buna qarşı reaksiyalarımızı göstəririk. Cənab nazir çıxışında islahatlara başlayacağını qeyd edib:
"İslahatlar nəticəsində tənzimləmə mexanizmi qurulacaq. Bu günki gündə kifayət qədər vergidən qaçmaq kimi təhlükələrin qarşısını almaq üçün ciddi işlər aparılır. Düşünürəm ki, artıq üzümüzə gələn 1 ay içində qərar veriləcək. Millət vəkillərinin təklifi və xahişi ondan ibarətdir ki, dəyişikliklər nəticəsində qiymətlər artmasın. Ya artsa da cüzi miqdarda artsın ki, insanlar əziyyət çəkməsin".
Bəsti MƏMMƏD